Ukraynada tutulan azərbaycanlı dövlətə 3,3 milyon manat zərər vurub

5 Noyabr 2018 17:56 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bu barədə E.Xəlilovun vəkili Xəqani İmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.

İttiham aktına əsasən, E.Xəlilov faktiki rəhbərlik etdiyi "AİA" firması ilə Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında 1996-cı ildə alqı-satqı müqaviləsi bağlayaraq 5 milyard 498 milyon 929 min köhnə Azərbaycan manatı dəyərində şəkər tozu alaraq dələduzluq edib.

Bundan başqa, o, rəhbərlik etdiyi "Emil-96" firması adından Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK-dan 3 milyard 505 milyon köhnə Azərbaycan manatı məbləğində şəkər tozu alaraq külli miqdarda ziyan vurub.

Həmçinin E.Xəlilov özünün "Titanus" firması ilə eyni qaydada "Azərbaqqaliyə" TTK arasında imzalanmış müqavilə əsasında 2 milyard 890 milyon 298 min köhnə Azərbaycan manatı məbləğində şəkər tozu alaraq mənimsəyib.

O, rəhbəri olduğu "Alfa-ST" firması ilə TTK arasında bağlanmış müqavilə əsasən 1 milyard 521 milyon 843 min köhnə Azərbaycan manatı dəyərində şəkər tozu alaraq dələduzluq edib.

E.Xəlilov həmçinin Ticarət Nazirliyinin "Azərbətsüdticarət" İTB-nin ünvanına 1998-ci ildə İtaliyanın "Andjelo OİL Korporation" firmasından daxil olmuş 376 min 473 dollar dəyərində ət konservilərinə görə, Bakı Baş Gömrük İdarəsinə ödənilməli olan gömrük rüsumunu özünün rəhbəri olduğu QEOSEYM firması tərəfindən ödənilməsini saxta sənədlərlə göstərərək həmin məbləği mənimsəyib.

O, RİÇ firmasına şəkər tozu gətirmək adı ilə 3 milyard 375 milyon köhnə Azərbaycan manatı məbləğində ziyan vurub.

İttihamda qeyd edilib ki, E.Xəlilov eyni üsullarla müxtəlif firmaların adından istfadə edərək dövlətin külli miqdarda vəsaitini mənimsəyib.

Ona qarşı irəli sürülmüş ittihamlar 1996-1999-cı illərdə olub. Cinayət materiallarında göstərilən dəymiş zərərin o zamankı məzənlə ilə hesablanıb.

Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər, ümumilikdə, 3 milyon 381 min AZN-dir

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

E.Xəlikov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustum 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.

Bu ilin avqust ayında Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin özünün “Facebook” səhifəsində qeyd edib ki, azərbaycanlı E.Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Y.Yenin yazıb ki, E.Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib.(report.az)

AzNews.az