ASSİTEJ prezidenti Gənc Tamaşaçılar Teatrında

7 Noyabr 2018 16:34 (UTC+04:00)

Noyabrın 7-də V Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları ASSİTEJ-in Prezidenti İvetta Hardi Gənc Tamaşaçılar Teatrının kollektivi ilə görüşüb.

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə V Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov açıb. O, ASSİTEJ-in fəaliyyəti və Azərbaycanda Mədəniyyət Mərkəzinin yaradılmasının faydası haqqında danışıb: “ASSİTEJ uzun illərdir ki, dünyanın dörd bir yanında mədəniyyətin inkişafı, mədəniyyətlərarası dialoqun yaranması üçün ciddi fəaliyyət göstərir. Sevindirici haldır ki, 2011-ci ildə Gənc Tamaşaçılar Teatrı böyük səs çoxluğu ilə ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilən qurultayında qurumun üzvlüyünə qəbul edilib. Qurultay zamanı Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Bu hadisə Gənc Tamaşaçılar Teatrının tanınmasına, beynəlxalq əlaqələrini genişləndirməsinə yardımçı olub”.

Şaiq Səfərov sözü ASSİTEJ-in Prezidenti İvetta Hardiyə verib. O, çıxış edərək hər kəsi salamlayıb və Bakıda, növbəti teatr konfransında olmaqdan məmnunluğunu dilə gətirib: “Artıq beşinci dəfədir ki, Bakıya gəlirəm və hər gəlişim mənim üçün xüsusi hadisədir. Bu dəfə də sizlərlə görüşümüzə çox önəm verirəm və təqdim edəcəyim slayd vasitəsiylə rəhbərlik etdiyim təşkilat haqqında məlumat vermək istəyirəm. Əslində hamınıza bəllidir ki, ASSİTEJ uşaqların, yeniyetmələrin və gənclərin tərbiyəsinə ayrı yöndən yanaşmağa, bir qədər də kreativ baxmağa çalışır. İrəli sürdüyümüz bütün layihələr, müştərək işlər məhz bu konsepsiyanı inkişaf etdirmək üçündür”.

Daha sonra İvetta Hardi video və foto slayd vasitəsiylə ASSİTEJ-in dünyanın müxtəlif ölkələrində gördüyü işlər, yeni tamaşalar və konfransları haqqında məlumat verib. 3 yaşadək uşaqlar üçün qurulan tamaşalar tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Tədbir bu istiqamətdə müzakirələr və polemikalarla davam edib. Sonda qonaq görüşün təşkili üçün Mədəniyyət Nazirliyinə və Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə öz minnətdarlığını bildirib.

AzNews.az