"Mehriban xanım muğam sənətimizi yeni inkişaf zirvəsinə qaldırıb" - Xalq artisti

7 Noyabr 2018 17:57 (UTC+04:00)

Ağdam əzəli musiqi beşiyi olub. Azərbaycanın məşhur musiqi xadimləri bu torpaqda yetişib. Onların adlarını sadalamaq fikrində deyiləm. Ağdamın yetirmələri olan xanəndələr bu gün də muğam sənətimizin inkişafına öz töhfələrini verirlər.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri və Quzanlıda Ağdam Muğam Mərkəzinin açılışında iştirak etmələri bütün ağdamlıların ürəyincə oldu. Mərkəzin açılış mərasimində mən də iştirak edirdim. Sözün əsl mənasında qürur hissi keçirdim.
Hörmətli Prezidentimizin açılış mərasimindəki çıxışı bir daha göstərdi ki, dövlətimiz muğam sənətinə, onu yaşadan sənətkarlara böyük qayğı göstərir və bu, ildən-ilə artmaqdadır. Dövlət başçımız çıxışında dedi: “ Muğam bizim milli sənətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”. Cənab Prezidentin çıxışı bütün ağdamlılara, öz torpaqlarından didərgin düşmüş insanlara yeni güc, qüvvət verdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da mərasimdə çıxış etdi. Mehriban xanım muğam sənətimizi yeni inkişaf zirvəsinə qaldırıb. Muğam UNESCO-nun bəşəriyyətin qorunan maddi- mədəniyyət irsi siyahısına daxil edilib. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu muğam sənəti ilə bağlı bir neçə layihə reallaşdırıb.

Mərasimdəki çıxışında Mehriban xanım dedi:

“Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz, doğrudan da, vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun”.

Bu çıxışlar muğam ifaçılarına böyük dəstəkdir. Biz sənət adamları bunu yüksək qiymətləndirir və Azərbaycan muğamının yaşaması və təbliği üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq.
İnanırıq ki, Ağdam Muğam Mərkəzi milli musiqimizin inkişafında, yeni muğam ifaçılarının yetişməsində əhəmiyyətli rol oynayacaq.

Nəzakət TEYMUROVA,
Xalq artisti

© AzNews.az