Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir

7 Noyabr 2018 21:16 (UTC+04:00)

Sayt rəhbərləri millət vəkili Əflatun Amaşovun dövlət büdcəsindən onlayn mediaya maliyyə ayrılması təklifini birmənalı dəstəkləyirlər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edib. Millət vəkili dəfələrlə parlamentin iclaslarında onlayn media ilə bağlı fikirlərini səsləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda mediada reklam yoxdur və bundan istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar.


Millət vəkili Ə.Amaşov vurğulayıb ki, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır. Onun sözlərinə görə, bu, reklam bazarı formalaşana qədər olmalıdır. Millət vəkili təklif edib ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Deputat bu məbləğin büdcə üçün elə də böyük rəqəm olmadığını xatırladıb.


Sözügedən məsələ bağlı fikirlərini "Kaspi”yə bölüşən "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Mətbuat Şurasının sədri, millət vəkili Ə.Amaşovun onlayn mediaya vəsait ayrılması ilə bağlı təklifini müsbət dəyərləndirib. Bildirib ki, deputat Ə.Amaşovun təklifi səsləndirdiyi zaman gətirdiyi arqumentlər tamamilə əsaslıdır: "Lakin təklif kimi irəli sürdüyü məbləğ - 1 milyon manat çox azdır. Düşünürəm ki, onlayn medianın maliyyələşdirilməsi üçün ən azı 2-3 milyon manat vəsiat ayrılmalıdır. Ona görə ki, çap mediasından fərqli olaraq, onlayn media orqanlarının sayı çoxdur və hər gün də inkişaf etmək məcburiyyətindədir. Əgər maliyyələşmə baş verərsə, bir neçə dildə fəaliyyət göstərən onlayn media resurslarının da sayını artırmaq lazım gələcək. Bildiyiniz kimi, artıq bir neçə ildir bu məsələ həm media ictimaiyyəti arasında, həm də parlament səviyyəsində müzakirə edilir. Təəssüf ki, bu günədək müsbət nəticə əldə olunmayıb. Onlayn medianın durumu göz qabağındadır, reklam yox səviyyəsindədir, yerli şirkətlər bu işdə maraqlı deyillər. Ona görə də ən azı keçid dövrü üçün maliyyələşmə mütləqdir. Onlayn medianın maliyyələşməsi bu sektorda həm canlanma, həm də keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər. Bu da ümumilikdə ölkə mətbuatı, xüsusən də inkişafda olan onlayn medianın daha peşəkar və operativ fəaliyyətinə şərait yaradar. O cümlədən maliyyələşmə ilə mövcud iş imkanları genişlənər, jurnalistlərin əmək haqlarında artım müşahidə olunar, oxuculara yeni-yeni layihələr təqdim edə bilərlər. Onlayn medianın maliyyələşməsi baş verərsə, mətbuatın bu seqmentində özü-özlüyündə təmizlənmənin də şahidi ola bilərik. Maliyyə vəziyyəti dayanıqlı olan onlayn media resursları qeyri-dəqiq, şər-böhtanla məşğul olan digər saytları gec-tez sıradan çıxaracaq”.


"Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər hesab edir ki, bu gün qəzetlərimiz dövrümüzlə bağlı tariximizi əbədiləşdirdiyi kimi, internet media da günün əsas media vasitəsinə çevrilib. Onun fikrincə, hətta internet media bəzən televiziyalarla yarışır və belə bir media qüvvəsinin daha da inkişafı üçün dəstək lazımdır: "Bu baxımdan Əflatun müəllimin bu təklifini dəstəkləyirik. Əlbəttə, internet medianın inkişafı üçün müxtəlif çıxış yolları var. Məsələn, daha yaxşı olardı ki, Azərbaycanda sərbəst reklam bazarı formalaşsın və internet media məhz reklamlarla öz fəaliyyətini davam etdirsin. Ancaq reallıqlar da nəzərə alınmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mediasından heç vaxt dəstəyini əsirgəməyən dövlət bu məsələdə də onlayn medianın əlindən tutarsa, biz müxtəlif dillərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail ola bilərik. Şəxsən biz hazırda üç dildə bu yöndə fəaliyyət göstəririk. Ancaq məhdud imkanlar çərçivəsində istədiyin hədəfə çatmaq imkansızdır. Dövlət dəstəyi olarsa, Azərbaycan internet mediasının dünyanın qabaqcıl mediası ilə ciddi əməkdaşlıq imkanları yarana bilər. İnanıram ki, cənab prezidentin də diqqət mərkəzində olan bu məsələ öz müsbət həllini tapacaq”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılması çoxdan baş verməli idi. Sayt rəhbərinin sözlərinə görə, qəzetlərə maliyyə yardımı ayrıldığı halda, onlayn mediaya bu formada dəstək göstərilməməsinin səbəbini izah etmək çətindir: "Nə olsun ki, onlayn medianın kağıza xərci çıxmır? Əgər biz ümumi xərclərə nəzər salsaq, görərik ki, onlayn medianın saxlanması, fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclər heç də çap mediasınınkından az deyil. Onlayn mediada daha çox insan çalışır. Xəbərin operativ çatdırılması, xəbərin kəmiyyəti çox olduğundan müxbirlər saytlarda daha çoxdurlar. Bu kimi səbəbləri nəzərə alsaq, bu ideya çoxdan gündəmə gəlməli idi. Düşünürəm ki, hələ bir qədər gecikib də”.


"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da millət vəkili Ə.Amaşovun təklifini birmənalı olaraq dəstəklədiyini dilə gətirib. Qeyd edib ki, bu məsələnin müsbət həllini tapması onlayn mediada çalışanlar üçün xoş xəbər olardı: "Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən çap mediasına dəstək verilir. Saytlar, onlayn media resursları da kütləvi informasiya vasitəsidir. Belə olan halda, nə üçün onlayn media bu dəstəkdən kənarda qalmalıdır? Onlayn media müasir dövrdə xəbərin çatdırılması baxımından nəinki mətbuatı, hətta radio-televiziyanı da qabaqlayır. Onlayn medianın əhatəsi, imkanları daha genişdir. Ona görə də bu sahəyə dəstəyin olmasına ciddi ehtiyac var. Ümid edirik ki, Mətbuat Şurası sədrinin səsləndirdiyi təklif nəzərə alınacaq, məsələ müsbət həllini tapacaq, onlayn media da dəstəklənəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkədə ictimai-siyasi rəyin formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onlayn medianın üstün cəhətləri var”.


"Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı hesab edir ki, deputat Ə.Amaşov hər zaman olduğu kimi, bu dəfə də medianın aktual problemlərindən birini parlament və hökumət qarşısında qaldırıb. Sayt rəhbəri hazırda Azərbaycanda reklam bazarının formalaşma prosesinin getdiyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı prosesdə medianın özü-özünü maliyyələşdirməsi qeyri-mümkündür: "Çünki, reklam bazarı zəifdir. Əflatun müəllimin haqlı olaraq vurğuladığı kimi, bundan bəzi qüvvələr özlərinin heç də yaxşı olmayan məqsədləri üçün istifadə edirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da media milli maraqların qorunmasına xidmət etməlidir. Bu və bunun kimi bir çox məqamları nəzərə alaraq, onlayn mediaya dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi yaxşı olardı. Nəzərə alaq ki, bu istiqamətdə Azərbaycanda artıq bir təcrübə var. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən çap mediasına maliyyə dəstəyi göstərilir. Bu dəstək çap mediasının ayaqda qalmasına xidmət edir. Bu müsbət təcrübədən çıxış edilərək, onlayn mediaya da dəstək göstərilə bilər. Bir neçə ildir ki, bu istiqamətdə həm cəmiyyətdə müzakirələr gedir, həm də Milli Məclisdə təkliflər səsləndirilir. Düşünürəm ki, artıq gələn ilin dövlət büdcəsinə bu barədə əlavə bəndin salınması mümkündür. Maliyyə naziri Samir Şərifov da bu təklifə baxılmasının mümkünlüyünü vurğulayıb. Hesab edirəm ki, ilkin dövr üçün, mövcud şərtlər nəzərə alınmaqla, başlanğıc olaraq 1 milyon manat nəzərdə tutulsa da, gələcəkdə bu məbləğ bir qədər çox olmalıdır”.

AzNews.az