Azərbaycana gətirilən 10 ton kivi yararsız çıxdı

8 Noyabr 2018 16:10 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyindən AzNews.az-a verilən məlumata görə, İran İslam Respublikasından noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna qurumun mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası - (Pseudolaspis pentagona) aşkar edilib. “Fitosanitar nəzarəti haqqında” qanunun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı, bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

AzNews.az