“Yük maşınlarına tətbiq olunan cərimələr ləğv edilib” – Ekspert

8 Noyabr 2018 16:33 (UTC+04:00)

Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir.

Əvvəlki dövrdə yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib. Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq, qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.

Mövzu ilə bağlı AzNews.az-a danışan ekspert Elməddin Muradlı bildirib ki, yük maşınlarının Bakı şəhərində hərəkəti ilə bağlı məsələ uzun müddətdir, müzakirə olunur.

“Bəzən sürücülər də haqlı olaraq, narazılıqlarını bildirirdilər. Çünki yük avtomobillərinin hərəkəti hansısa bir formada həllini tapmalı idi. Nəhayət yol polisi bununla bağlı addım atdı. Daha doğrusu, bunu Nazirlər Kabineti yanında Yol Hərəkəti Komissiyasının qərarı ilə həll etdilər. Baş nazirin müavini Hacıbala Abutalıbov, eyni zamanda Yol Hərəkəti Komissiyasının sədri və yol polisinin rəsmiləri birlikdə həmin şəxsləri qəbul etdilər, onların problemini dinlədilər. İlkin olaraq, siyahı tərtib olundu ki, onlar bu marşrut üzrə hərəkət edə bilərlər. Bildiyim qədəri ilə daha bir marşrut üzərində hazırda iş gedir. Bu, Heydər Əliyev prospektində hərəkətlə bağlıdır. Alternativ yoldan istifadə etmək məsələsidir. Bununla əlaqədar hələlik rəsmi qərar olmasa da, şifahi şəkildə sürücülərə icazə verilib ki, həmin marşrutdan istifadə etsinlər. Bu marşrutlar bir az da genişləndiriləcək, günün müxtəlif vaxtlarında yox, icazə verilən vaxtlarında. Çünki şəhərimiz get-gedə sıxlaşır, yaşayış artır. Vaxtilə 10-15 adamın yerləşdiyi məhəllədə bu gün 150-200 mənzildən ibarət bina tikilir. Deməli, əvvəl 15 ailənin yaşadığı məhəllədə bu gün 200 ailə yaşayacaq. Bununla da sıxlıq artır.

Biz yük maşınlarının da şəhərə daxil olmasını, onların pərakəndə hərəkətini, yüklərin normalara uyğun olaraq daşınmamasını nəzarə alsaq, şəhərdə tıxac əlindən tərpənmək olmaz”, - deyə o bildirib.

E. Muradlının sözlərinə görə, belə bir qrafikin tutulması məqsədə uyğundur: “Amma başqa problemlər də çıxır. Məsələn, yük maşınlarına icazə saat 21.00-dan sonradır. Həmin vaxt betonqarışdıran maşın şəhərə daxil olur və hardasa tikinti işi gedirsə, gətirib betonu ora boşaldır. Bu səs də insanlara mane olur. Ya bu maşınları gecə gətirib orda saxlamalı səhər işə başlamalıdırlar, hansı ki, bu onlara maddi ziyan edir. Ona görə onları da başa düşmək lazımdır. Məsələyə kompleks yanaşanda hamı haqlıdır. Yük maşınlarının hərəkəti zamanla öz həllini tapacaq. Şəhərin mərkəzinə doğru konkret bir marşrut təyin edilsə, bununla da məsələ həll olunacaq. Sürücülərin narazı qaldığı bir məqam da var ki, onların xəbəri olmadan haqlarında elektron qərar, cərimə tətbiq edilirdi. Daxili İşlər Nazirliyinin rəhbərliyi bunu nəzərə aldı və onların barəsində qəbul olunmuş cərimələrə xitam verildi. Belə ki, noyabrın 1-nə kimi olan cərimələrə xitam verilir, amma bu ayın 15-dən sonra mütəmadi olaraq bu cərimələr tətbiq olunacaq”.

Səidə Nurməmmədli,

AzNes.az