“Tramp İranla bağlı fikrini dəyişə bilər” - ŞƏRH

8 Noyabr 2018 23:08 (UTC+04:00)

ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatına və cəmiyyətinə mənfi təsir göstərəcək. Artıq ilkin təsirlər özünü büruzə verir. Faktiki İran milli valyutası dəyərdən düşüb, iqtisadi durum kəskinləşib.

Bu fikirləri İrana qarşı tətbiq edilən sanksiyaların mümkün nəticələri haqqında Teleqraf.com-un sualını cavablandıran politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, sanksiyalarla paralel olaraq, Türkiyə daxil olmaqla bir neçə dövlətə İrandan neft almaq icazəsi verilib:

“Həm də nəzərə almaq lazımdır ki, 1979-cu ildə İranda islam inqilabı baş verdikdən sonra İran cəmiyyəti bu və ya digər formada sanksiyalara məruz qalıb, bu şəkildə yaşamağa alışıb. İran rejimi də sanksiyalar altında öz fəaliyyətini aparır və iqtidar olmaqda davam edir. Təbii ki, İranda və bölgədə müəyyən gərginliyin olması istisna deyil, amma ümumən yaxın dövrdə bu ölkədə rejim dəyişikliyi gözləmək tələskənlik olardı”.

Politoloq qeyd edib ki, İran kifayət qədər güclü dövlətdir: “Sadəcə, İrana tətbiq edilən indiki sanksiyalar çox güclüdür və rejimin Yaxın Şərqdə apardığı aqressiv siyasətə cavabdır. Digər tərəfdən, ABŞ-ın bölgədə öz planları var və bu səbəbdən də bəzi məsələləri bəhanə edərək, İrana sanksiyalar tətbiq edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, İranla iqtisadi əlaqələrin inkişafında maraqlı olan xeyli dövlət var. Bu dövlətlər də ABŞ-ın tətbiq etdiyi sanksiyalardan məmnun deyil. Çin, Rusiya, Hindistan kimi dövlətlər var və onlar dünya iqtisadi sistemində müəyyən paya malikdirlər. Bu dövlətlər İranla əlaqələrini genişləndirir. Bu addımlar faktiki olaraq ABŞ-ın sanksiyalarının təsirlərini azaltmağa hesablanıb. Bu baxımdan çox qısa zamanda sanksiyaların nəticə verəcəyini gözləmək səhv olardı. Digər tərəfdən, ABŞ-ın başında duran şəxs tez-tez fikrini dəyişə bilir. Bir müddətdən sonra İranla bağlı qapılar arxasında razılıq əldə edilə və Tramp İran haqqında 180 dərəcə fərqli fikirlər söyləyə bilər. Bu ehtimal da var. Biz bunu Şimali Koreya siyasətində gördük”.

Oqtay Qasımov ABŞ-ın regiondakı planları haqqında danışıb:

“ABŞ-ın Yaxın Şərqdə apardığı siyasətin məqsədi İsrailin təhlükəsizliyinin təminatı, dünyanın enerji ehtiyatlarının 45 faizinə sahib olan bölgəni tam nəzarətində saxlamaqdır. Burada “kürd kartı”ndan istifadə həmin siyasətin həyata keçirilməsində vasitə rolu oynayır”.

AzNews.az