"Azərbaycanda daha çox "hemofiliya A" xəstəliyi geniş yayılıb" - Səhiyyə Nazirliyi

10 Noyabr 2018 10:55 (UTC+04:00)

Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar AÇIQLAMA

Azərbaycanda hemofiliyalı xəstələrin dərmanla təminatında bir müddət əvvəl yaranmış problem tam şəkildə aradan qaldırılıb.

Bunu Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib.

N.Seyidovun sözlərinə görə, problemin həlli üçün Azərbaycana əlavə olaraq, 2 milyon ən yüksək səviyyəli, 3-cü nəsil laxtalanma faktorları gətirilib. Bununla yanaşı, bu ilin sonunadək Azərbaycana daha 2 milyon vahid laxtalanma faktorları gətiriləcək.

Nazirlik rəsmisi qeyd edib ki, adətən, ölkəyə dərmanların gətirilməsi üçün müəyyən tenderlər keçirilir, bu proseslə əlaqədar ilin sonunda dərmanların təminatında müəyyən problemlər ola bilir.

N.Seyidov hesab edir ki, bu ilin sonunadək ölkəyə əlavə olaraq, 2 milyon vahid laxtalanma faktorunun gətirilməsi gələn ilin yanvarında da dərmanla təminatda problemin yaranmasına imkan verməyəcək.

Hemofiliyalı xəstələrin dərmanla təminatının dövlət nəzarətində olduğunu vurğulayan N.Seyidov bu xəstələrin laxtalanma faktorları ilə dövlət tərəfindən təmin edildiyini söyləyib:

"Dərman preparatları xəstənin çəkisinə və yaşına uyğun olaraq verilir. Xəstənin çəkisi və yaşı artdıqca dərmanların tələb olunan dozası da əhəmiyyətli dərəcədə artır. Azərbaycanda daha çox "hemofiliya A" xəstəliyi geniş yayılıb. Bu xəstəlikdə də xüsusilə uşaqlar və ağır xəstələr üçün profilaktik inyeksiyalar müalicənin əsasını təşkil edir. Qanaxma zamanı aparılmış müalicə artıq gecikmiş müalicə sayılır. Ancaq müalicə profilaktik aparıldıqda həmin qanaxmalar olmur. Buna görə də artıq neçə illərdir ki, uşaqlar, orta ağır və ağır xəstələr profilaktik müalicə alırlar. Bu, ağır xəstələrin sayının azalmasına, əlilliyin qarşısının alınmasına, dövlətin sosial büdcəsinə yardım etməyə imkan verir".

N.Seyidov hər il hemofiliyalı xəstələrin sayının 40-50 nəfər artdığını da nəzərə çatdırıb.

Xatırladaq ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova sentyabr ayında Trend-ə verdiyi açıqlamasında hemofiliyalı xəstələrin dərmanla təminatında problemlərin yarandığını söyləmişdi: "Səhiyyə Nazirliyinin nümayəndəsi bizə bildirib ki, faktor konsentratlarının çatışmazlığı tələbatın çoxalması ilə əlaqədardır. Hemofiliyalı xəstələr üzərində edilən cərrahi əməliyyatlar da profilaktik müalicə üçün sərf olunan faktor konsentratlarının həcminin azalmasına səbəb olub".

Qeyd edək ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir. (Trend)

© AzNews.az