“Orduda psixoloq ştatı yaradılmalıdır” - TƏKLİF
8 Aprel 2013 14:06 (UTC+04:00)
Əsgər ölümləri xüsusilə son zamanlar çox aktual olan məsələlərdəndir. Şübhəsiz ki, ordudakı bu cür arzuolunmaz hadisələr hərbi xidmət keçməyə hazırlaşan gənclərin psixologiyasına öz mənfi təsirini göstərir. Bunun mənfi nəticəsi kimi isə ordudan yayınma və digər neqativ halların artması narahatlığı aktuallaşır. Bəs bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzuyla bağlı AzNews.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov hesab edir ki, əsas psixoloji sarsıntılar əsasən hərbi xidmətin ilk günlərində adaptasiya prosesi, hərbi xidmətin sonunda isə evə getmək vaxtının azalması ilə bağlı yaranır.
Məsələdən çıxış yolunu isə mütəxəssis orduda psixoloq ştatının yaradılmasında görür: "Ali və hərbi məktəblərdə peşəkar psixoloqlar hazırlamaq olar ki, bu, ordu quruculuğuna öz töhfəsini verə bilər. Peşəkar psixoloqlar da bu işə cəlb olunsa yaxşı olar. Orduda əsasən bölünmə zamanı, hətta təxris olunduqdan sonra da psixoloji iş aparılmalıdır. Bu təcrübə əksər ölkələrdə mövcuddur və müsbət nəticələr verir".
Məlumat üçün bildirək ki, əsgərlərin psixoloji hazırlığı ilə əvvəllər "zampalit" adlandırılan zabit korpusu məşğul olurdu. Amma bir neçə il bundan öncə bu ştatlar ləğv olundu.
Mətanət
AzNews.az