Azərbaycanda yeni cərimələr təsdiqləndi

14 Noyabr 2018 18:32 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliklərə əsasən, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.

Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

AzNews.az