“Bu, tibbi sığortanın tətbiqinə hazırlıqdır” – İlham Məmmədov

15 Noyabr 2018 11:24 (UTC+04:00)

Milli Məclisin deputatı İlham Məmmədov AzNews.az-a açıqlamasında 2019-cu ilin dövlət büdcəsi layihəsini dəyərləndirdi. O, bildirdi ki, budəfəki büdcə layihəsinin tərtibatı Prezident İlham Əliyevin sosial siyasəti çox uğurla həyata keçirdiyinin göstəricisidir:

“Təbii ki, sosial siyasətin önündə duran əsas amil insanın can sağlığıdır. Çünki sağlam bədəndə sağlam ruh olur. İsan yeni yaradıcılıq nailiyyətlərinə imza atır. Bu baxımdan da ölkə əhalisinin sağlamlığı, səhiyyənin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Builki büdcədə digər parametrlərdən fərqli olaraq, səhiyyə büdcəsi 43 faizdən çox artırılıb. Eyni zamanda, bu, gələcəkdə insanların səhiyyəyə daha əlçatan olmasını təmin edəcək tibbi sığortanın tətbiqinə bir hazırlıq, təkandır”.

Deputatın sözlərinə görə, şəkərli diabet üzrə dövlət proqramının həyata keçirilməsi və böyrək çatışmazlığından əziyyət çəkən insanların dərman təminatı ilə əlaqədar nə az- nə çox, 15 milyon manatdan çox vəsait ayrılıb. Bundan əlavə, dərman xərcləri siyahısında digər parametrlər üzrə də artım var. Orqan köçürmələri, ürək əməliyyatları və digər ağır əməliyyatlardan sonra insanlara lazım olan əlavə dəman vasitəsilə təminat üçün də 10 milyon manatdan yuxarı vəsait ayrılıb. Bu, həm imtiyazlı xəstələrin dərman təminatını ödəyəcək, həm də orqan köçürmələrindən sonra lazım olan bahalı dərman pereparatlarının alınmasına yönəldiləcək.
“Təbii ki, bütün bunlar bizi çox sevindirir. Ümumi daxili məhsulun (ÜDM) payında ilk dəfə olaraq səhiyyənin payı 4.5 faizdən yuxarı olub. Ümumilikdə, budcədən səhiyyəyə 1 milyard 48 milyon manat vəsait ayrılıb. Bunun müəyyən hissəsi tibbi sığortanın davamlı olması, gələcəkdə bütün ölkəni əhatə etməsi üçün maliyyə təminatını ödəyəcək”.

Elgün MƏNSİMOV
AzNews.az