Fransada mikrofonuna kəlağayı bağlayan azərbaycanlı müğənni

15 Noyabr 2018 13:42 (UTC+04:00)

AzNews.az Samirə Əşrəfin “Yeraltı”ndan gələn səslər...” yazısını təqdim edir.

Hər bir insanın həyatında musiqinin özünəməxsus yeri var. Janrından və dilindən asılı olmayaraq, musiqi bütün fərdlərin inkişafına təsir göstərmək gücündədir. Musiqini insan təbiətinin harmoniyasına, rahatlıq tapmasına, özünü tənzimləməsinə xidmət edən əvəzsiz vasitə də hesab eləmək olar.

Musiqi bəzən insanların xarakterinə, dünyagörüşünə, savadına görə dəyişir...

Klassik musiqi, muğam kimi ağır janrlar daha çox ömür sürmüş və ya orta yaşlı nəslin marağında olduğu kimi, gənclərin sevgisini qazanan müxtəlif musiqi janrları da yaranmaqda, dünyaya yayılmaqdadır.

Bu baxımdan anderqraund musiqi janrı hamı tərəfindən qavranılıb qəbul olunmasa da, ekstravaqantlığı sevən gənclərin, yeniyetmə kütlənin sevgi və diqqətini qazana bilib.

Ədəbiyyat, kino, musiqi və incəsənətin digər sahələrinə öz təsirini göstərən anderqraund anlayışı ötən əsrin ikinci yarısında meydana çıxaraq zirzəmi, gizli, yeraltı, aşağı mənasını verir.

O qədər də geniş auditoriyası olmayan, çox az kütlə tərəfindən sevilib qəbul edilən anderqraund musiqi növünə rok, metal, elektronika və digər janrlar da aiddir. Hazırda bu musiqi növünün azərbaycanlı təmsilçiləri durmadan artmaqda və dünyanın müxtəlif yerlərinə yayılaraq ölkəni təmsil etməkdədirlər.

Daha çox əcnəbi qonaqların toplaşdığı məkanlarda özlərini ifadə etmək istəyən yerli anderqraund musiqi ifaçıları sosial şəbəkələrdə də böyük pərəstişkarlar ordusuna sahibdirlər.

Yaxın günlərdə İctimai televiziya kanalında “Yeraltı” adlı musiqi proqramı məhz bu cür musiqi növü ilə məşğul olan gəncləri efirə çıxarmışdı. Verilişin aparıcısı, gənc rejissor Fidan Cəfərovanın təqdim etdiyi musiqi növünün janrlarına görə maraqlı geyim və özünüifadə tərzi, təqdimat bacarığı onun müasirliyindən və sənətlə iç-içə olmasından xəbər verirdi.

Verilişinin xüsusilə gənclərə xitab edən formatda işlənib hazırlanmasında qurluşçu rejissor Aydın Əsədulla, rejissor Elmir Nəsirovun da xüsusi zəhməti var.

Bir saata qədər davam edən verilişdə Ahmedovski Trio, Altun Zeynalov, Orxan Əfəndi, Coda, Ani, Araz Ozara, Dihaj kimi istedadlı və maraqlı ifaçılar xarici musiqilərlə yanaşı, öz bəstələrini də ifa edirdilər.

Araz Ozara, Dihajın adını xüsusilə vurğulamağı lazım bilirəm.

Araz Ozara (Araz Hümbətov) 2016-cı ildə Fransada keçirilən “O səs” musiqi yarışmasına qatılaraq əfsanəvi ifaçı Kris Ayzekin “Wicked Game” musiqisini tar aləti ilə ifa edib, jüri heyətini təəccübləndirməyi bacarmışdı.

İki ilə yaxın Fransada yaşayan, qaval, saksafon, fortepiano və gitara kimi musiqi alətlərində ifa etməyi bacaran Araz peşəkar musiqiçi olmaqla yanaşı həm də ifa etdiyi musiqilərin bəstəkarıdır.

Fransa yarışmasında nə olur-olsun, azərbaycanlı kimi çıxış etməyi arzulayan Araz çıxış zamanı mikrofonuna qırmızı kəlağayı bağlamaqla azərbacanlı olmasını ifadə etməyi bacardı. Kəlağayı həm Azərbaycanı, həm də azərbaycanlı qadınları simvolizə edirdi.

Bu gün Araz Ozaronu “Yeraltı” verlişində görmək, dinləmək onu tanıyan, sevən tamaşaçılar üçün gözəl bir sürpriz idi.

Verlişin bağlanışını edən Dihaj (Diana Hacıyeva) 2017-ci il Kiyevdə keçirilən Avroviziya Mahnı Müsabiqəsində “Skeletons” mahnısı ilə Azərbaycanı təmsil etmişdi. Yeraltı verlişində Dihaj da daxil olmaqla digər musiqiçilər bir-birindən maraqlı və müasir dünya xitlərini ifa edirdilər.

Veriliş açıq hava altında, bir qrup tamaşaçının müşayəti ilə lentə alınıb. Xüsusilə kamera effektləri ifa olunan musiqinin janrına uyğun olaraq işlənib.

Ümid edirik ki, “Yeraltı” verilişi davamlı olaraq yayınlanaraq, tamaşaçıları bir-birindən maraqlı gənclərlə görüşdürəcək. Belə olsa azərbaycanlı tamaşaçı həm müasir Azərbaycan musiqiçilərini tanıyıb öyrənəcək, həm də dünya musiqisində baş verən yeniliklərlə tanışlıq imkanı əldə edəcək.

AzNews.az