Azərbaycanda xəstəliklərin 60 faizi heyvan mənşəlidir?

15 Noyabr 2018 15:59 (UTC+04:00)

Adil Qeybulla: “Xəstə heyvanın ətindən və ya südündən istifadə zamanı insana keçən xəstəlik əmək qabiliyyətinin itirilməsinə səbəb olur”

“Heyvan mənşəli xəstəliklərin insana keçməsinin qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir”

Xəstəliklərin 60 faizinin mənşəyini heyvanlardan götürdüyü iddia olunur. Belə bir fikir bu günlərdə Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində “Bir Sağlamlıq” yanaşması mövzusunda keçirilən “dəyirmi masa” zamanı səslənib.

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin nümayəndəsi Cəvahir Süleymanova qeyd edib ki, insan, heyvan və ətraf mühit bir-birilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə, xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin, ictimaiyyət nümayəndələri öz səylərini birləşdirməlidirlər.

Xəstəliklərin 60 faizinin mənşəyini heyvanlardan götürdüyü fikrinə münasibət bildirən professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi infeksiyalar vaxtilə heyvanlarda olub. Daha sonra həmin infeksiyalar insanlara keçib: “Məsələn, QİÇS virusu ilk dəfə meymunlarda rast gəlinib, sonralar insana keçib. Eyni zamanda, heyvan mənşəli infeksiyalar var. Xəstələnmiş heyvanın ətindən, südündən istifadə etdikdə həmin xəstəlik insana keçir. Xəstə heyvanın ətindən və ya südündən istifadə zamanı insana keçən xəstəlik əmək qabiliyyətinin itirilməsinə səbəb olur. Həmçinin, bəzi qızdırma adı altında xəstəliklər də heyvanlardan insana keçir.

Heyvan mənşəli xəstəliklərin insana keçməsinin qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir. Təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmalıdır. Bu, qida təhlükəsizliyindən asılıdır. İstənilən dünya ölkəsində qida və dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Bu, genofonda bağlı məsələdir”.

Həmsöhbətimiz onu da bildirdi ki, evdə saxlanan ev heyvanları da mütləq mütəmadi olaraq baytar nəzarətində olmalıdır. Hər hansı infeksiya aşkarlanarsa, müalicə olunmalıdır: “Heyvan müəyyən infeksiyalara yoluxubsa, artıq peyvənd ona kömək etməyəcək. Mütləq müalicə olunmalıdır. Peyvənd başqa bir şeylərə qarşıdır. Əksər qurd parazitləri və digər xəstəliklər xüsusilə itlər vasitəsilə insana keçir. Heyvanda quduzluq xəstəliyi olur ki, bu da mütləq şəkildə yoxlanmalıdır. İtin tükü isə allergiya xarakteri daşıyır və orqanizm üçün mənfi təsir göstərir. Bir sözlə, çalışmaq lazımdır evdə it, pişik saxlanılmasın".(baki-xeber.com)

© AzNews.az