Əlillik 61,3 faiz azalıb

16 Noyabr 2018 10:38 (UTC+04:00)

2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub. İkinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.

AzNews.az məlumat verir ki, o cümlədən, ilkin olaraq, I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

Əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq, ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb. Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.

Səidə Nurməmmədli,

AzNews.az