Məhkəmədə uduzan Fatimə: “Xatunun atası məndən üzr istədi”

16 Noyabr 2018 11:18 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva arasında gedən məhkəmə prosesi başa çatıb.

AzNews.az xəbər verir ki, məhkəmə rəqqasənin müğənniyə qarşı qaldırdığı iddianın rədd edib. Fatun Əliyeva məhkəmənin qərarının fotosunu sosial şəbəkədə paylaşıb və altından bunları yazıb:

"Dünən Fatimə Fətəliyeva kütləvi informasiya vasitələri ilə bildirib ki, guya mən ondan üzr istəməliyəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fatimənin dedikləri ağ yalan və uydurmadır. Sizə reallığı təqdim edirəm".

Müğənninin bu sözləri Fatiməni özündən çıxarıb. Rəqqasə məhkəmə prosesinin davam edəcəyini qeyd edib:

"Məhkəmənin qərarı son deyil. Özümü uduzmuş yox, qalib hesab edirəm. Ona görə ki, Nərgizin "Xatunun" atası məndən proses boyu üzr istədi. Proses zamanı, Aydın bəyə söylədim ki, siz atasız, böyüksüz. Sizin nə günahınız var ki, övladınıza görə məndən üzr istəyəsiz. Təşəkkür etdiyi vəkili də mənim vəkilimlə 2 iclas barışıq sazişi müzakirə edib. Bir hakimin fikri də həqiqət deyil. Bir hakim qərar qəbul edib deyə, bunu həqiqət deyib elan etmək lazım deyil. Qanundan danışırıqsa, qanunlarda 3 hakimin baxdığı apellyasiya, kassasiya məhkəmələri var. Hələ bitməyib heç nə. Amma yenidən təkrar edirəm, mən özümü qalib hesab edirəm. Çünki Nərgizin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, yəni atası, ağsaqqalı məhkəmədə üzr istədi. Və mən ona görə qalibəm ki, ən azı dediyim sözlərin arxasında dururam. Dedimsə, çəkinmirəm. Əsl həqiqət budur ki, qətnamədə deyilir, "Xatun, yəni Əliyeva Nərgiz mənim barəmdə heç nə deməyib.

Deyirəm ki, açıq adımı çəkməklə də deyə bilməz. Mətbuatda barəmdə adımı çəkməyərək, məktəb uşağı kimi çəkinə-çəkinə eyhamla söz ata bilərlər. Nə qədər ki, adımı dillərinə ala bilmirlər, mən qalibəm, onlar yox. Əgər Xatun barəmdə heç nə deməyibsə, mətbuatda şərəfə, ləyaqətə toxunacaq və bunu etiraf etmirsə, deməli mən qalibəm".

Qeyd edək ki, Xatunla Fatimənin arasında qalmaqal düşüb. Xatun rəqqasəni yaxın qohumunun məclisinə dəvət edib. Pul məsələsində razılaşmayan rəqqasə müğənnini məhkəməyə verib.

Bahar RÜSTƏMLİ
AzNews.az