Qətldə ittiham olunan azərbaycanlıda psixi problemlər aşkarlandı

9 Aprel 2013 10:09 (UTC+04:00)
Rusiyanın Surqut şəhərinin bələdiyyə torpaq nəzarəti idarəsi əməkdaşlarının qətlində ittiham olunan Azərbaycan əsilli Şahin İsgəndərovun psixi ekspertizasının ilkin nəticələri açıqlanıb.

APA-nın "kp.ru" saytına istinadən verdiyi məlumata görə, ekspertiza Ş.İsgəndərovda həqiqətən psixi problemlərin olduğunu müəyyən edib. Daha bir ekspertiza keçirtmək üçün onu Moskvada yerləşən Serbski adına instituta göndərəcəklər.

Qeyd edək ki, qətl hadisəsi keçən il oktyabrın 19-da baş verib. Surqut şəhərin bələdiyyə torpaq nəzarəti idarəsinin əməkdaşları Ruslan Ayupov, Vladimir Çernonos və Aleksey Qadalin "Şinomontaj" avtomobil təmiri mərkəzinə gələrək sahibinə bildiriblər ki, onun obyekti qanunsuz tikildiyi üçün söküləcək. Bu zaman sahibkarın oğlu odlu silahdan idarənin əməkdaşlarına atəş açmağa başlayıb. Vladimir Çernonos və Ruslan Ayupov aldıqları güllə yaralarından vəfat ediblər, Aleksey Qadalin isə xəstəxanaya yerləşdirib və əməliyyatdan sonra evə buraxılıb.

AzNews.az