Millimizdən qələbə

17 Noyabr 2018 19:48 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan Vüqar Məmmədin baş məşqçi olduğu komanda 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin 66-cı dəqiqədə Tural Bayramov bərabərlik, 70-ci dəqiqədə Zahid Mərdanov qələbə topunu vurub. Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla yenib.

U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan hərəyə 3 xalla sonrakı 2 yeri tutur. Axırıncı pillədə isə hələ xalı olmayan Lixtenşteyn qərarlaşıb.(report.az)

AzNews.az