“Kanalizasiyadan tapılan oğurluq heyvanların başlarıdır” - Eyyub Hüseynov

20 Noyabr 2018 14:06 (UTC+04:00)

At, eşşək, ölmüş və oğurlanmış heyvan başları axar su və kanalizasiyaya atılır.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Biləcəri qəsəbəsində kanalizasiya kollektorundan kəsilmiş mal başları tapılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, vətəndaşlardan rəhbərlik etdiyi quruma belə hallarla bağlı müraciətlər daxil olur:

“Kəsilən heyvanların baş-ayaqları, içalatı kanalizasiyaya, bəzən isə axar suya tökülür. Araşdırma zamanı məlum olur ki, onlar ölmüş və ya oğurluq heyvanların hissələridir. Ən dəhşətlisi isə belə tullantıların içməlu su mənbələrinə atılmasıdır. Ət biznesi ilə məşğul olanları bu işlərdən çəkindirmək lazımdır. Bunun üçün müəyyən maarifləndirmə işləri aparılmalıdır”.

Eyyub Hüseynov onu da vurğulayıb ki, belə hallarla bağlı müvafiq qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, təəssüf ki, müsbət cavab ala bilməyiblər.

Qeyd edək ki, Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb. Bu barədə “Azərsu” SC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Bax: Bakı yolunda 3 günlük tıxacın səbəbi bu imiş: Görün kanalizasiyadan nələr çıxdı! - VİDEO

Bahar RÜSTƏMLİ
AzNews.az