Rusiyadan gizli nüvə əməliyyatı
9 Aprel 2013 16:24 (UTC+04:00)
Rusiya Çex Respublikasından iki nüvə bombası hazırlanacaq miqdarda zənginləşdirilmiş uranı xüsusi bir qatarla çox gizli şəkildə ölkəyə gətirə bilib.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu maddələr Praqada olan Nüvə İşlər İnstitutundan alınıb. Bu yaxınlarda həyata keçirilən əməliyyatda 68 kiloqramlıq uran Polşanın Qdansk şəhərinə gətirilib. Daha sonra gəmilərə yüklənən zənginləşdirilmiş uran Rusiyanın Murmansk şəhərinə çatdırılıb. Məlumat üçün bildirək ki, Rusiya zənginləşdirilmiş uranı nüvə stansiyalarında yanacaq olaraq istifadə edilən aşağı səviyyəli urana çevirəcək.
Qeyd edək ki, əməliyyat zamanı qatarın yola düşmə tarixi məxfi saxlanılıb. Hətta maddələri daşıyan qatarın fotoşəkilinin çəkilməsinə belə icazə verilməyib. Yüzlərlə polis və terrorla mübarizə əməkdaşları əməliyyat zamanı havadan və qurudan qatarları nəzarət altında saxlayıblar.
Çex və Polşa polisləri bu qatarın qorunmasının iki ölkənin polis təşkilatları arasında koordinasiya edilən çətin vəzifələrdən biri olduğunu açıqlayıblar.
Beynəlxalq Atom Enerji Agentliyi bu əməliyyatı, keçmiş Sovet ölkələrindən zənginləşdirilmiş uranyumların Rusiyaya daşınmasını nəzərdə tutan 1995-ci il tarixli proqramın bir hissəsi olaraq qeydə alınıb.
Xəyalə
AzNews.az