“Bu, rəsmi Parisin bitərəfliyinə şübhə doğurur” - Fikrət Sadıqov

20 Noyabr 2018 17:39 (UTC+04:00)

“İstər Amerika Birləşmiş Ştatlarının, istərsə də Fransanın dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta Fransanın xarici işlər naziri bəyanatla çıxış edib ki, biz Dağlıq Qarabağ adlı hər hansı bir qurumu tanımırıq. Fransalı nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. O, bu səpkidə digər ifadələri də səsləndirib. Bizi narahat edən isə separatçı rejimin “rəhbəri” Bako Saakyanın işğal olunmuş ərazilərdə yaşasa da, Ermənistanın pasportu ilə Fransaya və ABŞ-a getməsidir”.

Bunu politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, bu dövlətlər həmin pasporta viza möhürü vurur. Yəni, bu bilərəkdən edilir: “Onlar yaxşı bilirlər ki, Bako Saakyan Azərbaycan ərazisində doğulub. Hazırda da işğal olunmuş Azərbaycan ərazilərində yaşayır. Dağlıq Qarabağ məsələsi ilə bağlı hazırda Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam etdirilir. Bu danışıqlarda vasitəçi kimi ABŞ və Fransa da iştirak edir. Onlar Minsk Qrupunun həmsədrlərinidir. ABŞ heç bir sıra müsəlman ölkələrin sivil vətəndaşlarına viza vermir. Amma terroru və separatizmi himayə edən şəxsə viza verilir. Eşitdiyimə görə, Bako Saakyan həmin ölkələrə diplomatik pasportla gedir. Əlbəttə, bu Azərbaycan tərəfindən qəbul olunmaz bir haldır. Bu məqam həmin ölkələrin bitərəfliliyini şübhə altına alır. Sual vermək lazımdır, siz Minsk Qrupunun həmsədrlərisinizsə, sülhün bərqərar olmasına çalışırsınızsa, niyə bu şəxsi öz ölkənizə buraxırsınız?! Pasportlarına viza vuraraq onların rahatca gəliş-gedişinə şərait yaratmaq kəskin şəkildə qınanılası haldır. Axı, bu düzgün deyil və bizim maraqlarımıza qarşı bir zərbədir. Əlbəttə, biz cəmiyyət nümayəndələri və ekspertlər olaraq buna etirazımızı bildirdik. Amma hər dəfə etirazlarımızı bildirdikdən sonra bəyanatlar verirlər. Bu isə onların bitərəfliliyini şübhə altına alır”.(hafta.az)

© AzNews.az