Azərbaycan-Belarus: Strateji tərəfdaşlıqda dostluq və qarşılıqlı etimad faktoru

21 Noyabr 2018 11:18 (UTC+04:00)

“Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir…”.

Bu fikirləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında səsləndirdi.

Bilirsiniz ki, həftənin birinci günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri oldu. Bu, İlham Əliyevin Belarusa sayca 5-cisəfəri idi. Budəfəki səfər həm region, həm də dövlətlərarası əlaqələrin dinamikası baxımından çox mühüm hadisələrlə yadda qaldı.

19 noyabr tarixində həyata keçirilən səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin göstəricisidir. Təbi ki, ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Hələ səfər öncəsi Azərbaycan Respublikasının Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilmişdi.

Bu səfər nəticəsində isə iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı” sənədi isə xüsusilə diqqət çəkdi.

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Sənədin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. 6-cı bənddə isə Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər. Sənədin digər bəndlərinə görə, Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər. Həmçinin, Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Bundan başqa, Tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının faydalı xarakter daşıdığını, olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd etdilər. Tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin effektiv təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə etdilər.

Bəyanatın imzalanması zamanı Prezident İlham Əliyev bildirdi: “…Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.

Belarus Prezidenti Aleksandr Lukaşenko da birgə mətbuat konfransında nitq söylədi. Bildirdi ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir:

“Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik, deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm”.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq var. Təsadüfi deyil ki, bu səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulub. Bundan əvvəl isə Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb.

Prezident İlham Əliyev sözügedən sənədi yüksək qiymətləndirərək dedi:

“Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.

Beləliklə, Prezident İlham Əliyev bu səfəri ilə Azərbaycanın hərtərəfli müttəfiqqi olan Belarus Respublikası ilə münasibətləri daha da dərinləşdirdi. Heç bir şübhə yoxdur ki, Belarus bundan sonra da bütün məsələlərdə, beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyəcək, səsinə səs verəcək.

Elgün Mənsimov
AzNews.az