Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlara start verilir

21 Noyabr 2018 13:11 (UTC+04:00)

Bu mərhələdə 1600-dən artıq namizədin iştirak edəcəyi gözlənilir. İmtahanların Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub.

AzNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Bu mərhələdə namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Səidə Nurməmmədli,

AzNews.az