İdmançımız Avropa çempionu oldu
10 Aprel 2013 07:30 (UTC+04:00)
Albaniyada kişi və qadınlar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
AzNews.az apasport.az saytına istinadən xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin heyətində Valentin Xristovla Zülfüqar Süleymanov (hər ikisi 62 kq) körpücük üzərinə çıxıblar.
Milliləşdirilmiş legionerimiz birdən qaldırma hərəkətlərinə 133 kq-la başlayıb və uğurla işinin öhdəsindən gəlib. Daha sonra 137 kq sifariş edən idmançımız, bu çəkini də ram edib. Xristov 140 kq-ı qaldıra bilməsə də, hərəkətdə Avropa qızılını təmin edib.
O, təkanla qaldırmada da 3-cü yanaşmasından imtina edib. Ancaq Valentin buna qədər qızıl medala sahib çıxıb. Əvvəlcə 170 kq, sonra isə 175 kq-ı ram edən gənc atlet fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Zülfüqar Süleymanov isə uzun müddət diskvalifikasiya üzündən yarışlara qatılmasa da, qayıdışını böyük uğurla qeyd edib. 3 illik fasilədən sonra körpücük üzərinə çıxan Zülfüqar əzmkarlıq nümayiş etdirərək, Albaniyada Avropa çempionatının bürünc medalını boynundan asmağı bacarıb.
Qeyd edək ki, yarışların ilk günündə milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medala sahib çıxıb.
AzNews.az