“Dostları Yaşarı içkidən qorumadılar...” - Baloğlan Əşrəfov

22 Noyabr 2018 14:07 (UTC+04:00)

- Baloğlan müəllim, bu gün xalq artisti Yaşar Nurinin anım günüdür. Zamanında onunla yaxın dost olmusunuz. Sizi Yaşar müəllimlə nə birləşdirirdi?

- Yaşar Nuri böyük və təkrarlanmayan bir sənətkar idi. Uşaqdan böyüyə hamı onu sevirdi. Həyat elə gətirdi ki, biz eyni xəstəliyə düçar olduq. Onun vəziyyəti çox ağır idi. Həkimlər belə qərara gəldilər ki, onu Türkiyəyə yolla salsınlar. Yaxın şəxslərdən birinin ad günü idi. Mübariz Mənsimov orada mənə dedi ki, “Baloğlan, sənin dostunu Türkiyəyə aparıblar, maraqlan gör nə məsələdir”.
Getdim xəstəxanaya, içəri girəndə gördüm ki, Rəhimə xanımla ikisidir. Rəngi də sapsarı... Onu elə görəndə susmaq istədim. Vəziyyətini soruşdum... Sonra bütün bunları Mübariz müəllimə söylədim. Mən həmişə Türkiyəyə müayinəyə gedəndə ona baş çəkib, səhhəti ilə maraqlanırdım. Həkimlər onun vəziyyətinin pis olduğunu görüb əməliyyata götürdülər. Mən həmin xəstəxanada əməliyyat olunduğumdan oradakı həkimlərlə münasibətim vardı. Əməliyyatdan sonra həkimlər mənə onunla görüşməyə icazə verdi. Girdim otağa, Yaşara baxdım... Bu anda Yaşar gözlərini açdı, dedi ki, “qurtarsınlar da, öldüm axı”. Dedim ki, əməliyyat uğurla başa çatıb, hər şey əladır. Bunu eşidən kimi gözlərindən yaş axdı. Ondan sonra dostlaşmışdıq, bütün tədbirlərdə bir yerdə idik. Amma qarşımızda böyük bir çətinlik vardı. Onu içkidən qorumaq lazım idi. Bəzən tədbirlərdə bu mənim də gözümə dəyirdi. Mən onu danlayırdım. Deyirdim ki, sən dərman qəbul edirsən. Dərman içən adama belə şeylər olmaz. Sən özünə baxmalısan. Hiss edirdim ki, səhhətinin normal olması ilə bağlı onda böyük bir arxayınçılıq yaranıb. Elə bilirdi, bu, belə də davam edəcək. Çox təəssüflər olsun ki, belə olmadı. Özünü qorumadı, qiymətini bilmədi. Allah ona rəhmət eləsin. Heç kəsin ixtiyarı yoxdur ki, Yaşar Nuru sənətinə nəsə desin. Təpədən-dırnağa aktyor idi.

- Həkimlər Yaşar Nurinin yaşaması üçün əllərindən gələni etdilər, amma mərhum bunu dəyərləndirmədi. Onu içkiyə aparan səbəb səbəb nə idi?

- Bunu deyə bilməyəcəyəm. Amma bir dəfə tədbirdəydik. Masaya içki qoydular. Yaşar rumkaya süzülən içkini kənara qoydu, arxayın oldum ki, içməyəcək. Oxuyanda baxdım ki, o, həmin içkini içdi. Bu, mənə pis təsir etdi. Öz-özümə dedim ki, tədbirdəkilər hamısı dostlarımızdır. Onlar Yaşara niyə içmək imkanı yaratdılar? Əksinə, onu çox istəyən dostlar gərək ona içmək üçün imkan yaratmayaydılar. Bir dəfə həkimdən soruşdum ki, Yaşar 50 qram da olsa içki qəbul edə bilərmi? Həkim bildirdi ki, nəinki 50 qram, heç arağı pambıqla dodağına sürtmək də onun sağlamlığına ziyandır. Bütün bunları Yaşara başa salırdım. Amma görünür, iradəsi çatmadı.
Yaşarın elə böyük sənəti vardı ki, heç kəs ona ürək eləyib, “içmə, sənə ziyandır”. Mən isə dəfələrlə Yaşarın qabağından stəkanı götürüb atmışam ki, sənə içmək olmaz. Çox heyif... Çox heyif ki, dostları onu qoruya bilmədilər.

- Yaşar Nuri həm də siqaret çəkirdi?

- Yaşarın sağlamlığına ziyan vuran əlamətlərdən biri də siqaret çəkməyi idi. İçki qəbul etməyini çoxları görmürdü, amma siqaret çəkməyini hamı görürdü. Heç kəs dillənmirdi, amma mən siqaretə görə də onu dəfələrlə danlamışam.

Dərmanlarının heç birini atmırdı. Deyəndə də qayıdırdı ki, əşi, hər şey yaxşı olacaq. Yaşarın əməliyyatdan sonra içki və siqaret çəkməsi, onun qaraciyərindən çox ağciyərinə zərər vurmuşdu. Bu, Türkiyədə müayinə edilərkən məlum olmuşdu. Bilirsiniz, bunları deməkdə məqsədim var. Bəlkə bir çoxları küsər-inciyər ki, Baloğlan niyə bunları indi deyir...

- Məqsəd nədir?

- Maarifçilik. Bu gün Azərbaycanda yüzlərlə ciyər dəyişən insan var. Onlar bilsinlər ki, siqaret və içki qəbul etmək olmaz. Bu iki zərərli vərdiş sağlam insan səhhətinə təhlükəlidir, nəinki zədələnmiş və dəyişmiş qaraciyər xəstələrinə. İnsanın iradəsi nə qədər güclü olarsa, bir o qədər də çox yaşamaq şansı var.

Bahar RÜSTƏMLİ
AzNews.az