Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb

26 Noyabr 2018 16:27 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın xüsəsən Lənkərən-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

AzNews.az xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 200-400 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət

Noyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 267 m3/s olmaqla ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyət

Noyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, lakin Şirvanda 8, Bankədə isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2017-ci il noyabrın 26-da 371 sm), Şirvanda 275 sm (2017-ci il noyabrın 26-da 247 sm), Salyanda 271 sm (2017-ci il noyabrın 26-da 209 sm), Bankədə 221 sm (2017-ci il noyabrın 26-da 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 94 sm (2017-ci il noyabrın 26-da 100 sm) təşkil edir.

Səidə Nurməmmədli

AzNews.az