Sergey Lavrovdan Kerç boğazı açıqlaması - "Öz təxribatlarıdır"

26 Noyabr 2018 16:54 (UTC+04:00)

Kerç boğazında baş verən hadisələr Ukrayna rəhbərliyi tərəfindən birbaşa verilən və tətbiq olunan təxribatdır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada jurnalistlərə verdiyi açıqlamasında səsləndirib.

"Ukrayna gəmiləri Rusiya sərhədində təhrik edici davranışlar nümayiş etdirib. Onlar bu təxribatı planlaşdırarkən ABŞ və Avropadan bəzi qazanclar əldə etməyi umublar. Ukraynada mart ayında keçiriləcək prezident seçkisi ərəfəsində divident qazanmaq üçün yəqin Qərbə müraciət edirlər". Lavrov belə deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə baş verən hadisələrə görə Rusiyanı günahlandırıb: "Təəssüf ki, Rusiya qırmızı xətt nədir bilmir. Gəmilərimiz normal yolları ilə gedərkən Rusiyanın təcavüzünə məruz qalıb".

Qeyd edək ki, Kerç boğazındakı gərginliyə görə Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili Kiyev şəhərində xarici işlər nazirliyinə çağırılıb.

Babək Göyüş

© AzNews.az