325 Azərbaycan vətəndaşı Türkiyədə ev alıb
10 Aprel 2013 14:52 (UTC+04:00)
Son 11 ayda 13 138 xarici vətəndaş Türkiyədə daşınmaz əmlak alıb ki, bunlardan da 1609-u 18 may 2012-ci ildən qüvvəyə minən və 6 avqust 2012-ci il tarixindən tətbiq olunan Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub.
"APA-Economics"in trtazerbaycan.com-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Mülkiyyətin Kadastrı Baş İdarəsinin (Tapu Kadastro Genel Müdürlüğü) Xarici İşlər İdarəsindən məlumat verilib.
Bildirilir ki, 2012-ci ilin avqustundan bəri Türkiyədə 325 Azərbaycan vətəndaşı ev sahibi olub. Bunlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s.) sahibi olub.
Azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub.
AzNews.az