Bakı ilə ilk tanışlığı da instituta imtahan verəndə olur. Deyir, paytaxt barədə kənddəykən yaranan düşüncələri baş şəhəri görəndən sonra alt-üst olur: "Bakı haqqında böyük, qaynar həyatı olan, qələbəlik şəhər kimi düşünmüşdüm. Təbii ki, paytaxt böyük şəhər kimi diqqətimi cəlb etdi, amma istədiklərimi görmədim. Məsələn, köhnə "Sovetski”nin küçələri, evlər hamısı bir-birinin içində idi. Baxdım ki, Bakı adi bir şəhərdir. Amma dənizkənarı bulvar çox xoşuma gəldi. Hətta bir dəfə qalmağa yer tapa bilmədim, şəhərdə qohum-əqrabam da yox idi. Dəniz sahilindəki gəmilərdən birində adamı bir manata bir gecəlik saxlayırdılar. Dənizin içərisində olan gəmidə səhərə kimi yatmaq mənə ləzzət etdi. Allaha dua edirdim ki, ali məktəbə qəbul olum ki, tez-tez dəniz kənarına çıxıb hava alım, dənizi seyr edim”.
Hamıdan çox bal toplayır
Ə.Ağayev imtahanlarda ümumilikdə 18 bal toplayır. Bu da Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul üçün ən yüksək göstərici idi. Hamıdan çox – 19 balı isə sonradan müsahibimizin ən yaxın dostu olacaq Əhəd Muxtar toplayır. Üçüncü kursdan isə institutun Tarix fakültəsi ilə Filologiya fakültəsi birləşir – eksperimental Tarix-filologiya fakültəsi yaranır.
İsmayıl Şıxlı tələbəyə hər ay pul verirdi
Həm orta, həm də ali məktəbdə çox gözəl müəllimlərinin olduğunu deyir: "İsmayıl Şıxlı bizə xarici ölkələr ədəbiyyatından dərs deyirdi. Tələbə yoldaşlarımızdan biri imtahanda yaxşı cavab vermədiyinə görə İsmayıl Şıxlı ona qeyri-kafi yazdı. İmtahandan sonra İsmayıl müəllimin yanına gedib, həmin oğlanın yaxşı oxuyan tələbə olduğunu, atasının rəhmətə getməsinin ona pis təsir etdiyini, buna görə hazırlaşa bilmədiyini söylədik. Qeyd edim ki, təqaüd alan tələbələr "2” alanda onların təqaüdlərini kəsirdilər. İsmayıl Şıxlı həmin tələbəyə "2” yazdığından hər ay əmək haqqından 28 manat qrup nümayəndəsinə verirdi ki, o tələbəyə çatdırsın”.
İlk qonorarın sevinci
Tələbəlik illərində 5 il yataqxanada qalan müsahibimiz maddi cəhətdən az çətinlik çəkmir: "Bir dəfə Bakıxanov küçəsindəki yataqxanadan institutun yerləşdiyi yerə cibimdə 20 qəpiyim olmadığından piyada gəldim. O vaxt yeməyimiz əsasən heç kimin bəyənmədiyi marqarin yağında bişən kartof qızartması və çörəkdən ibarət idi. Yeməyi yataqxanada özümüz hazırlayırdıq. Hər ay qardaşım mənə 20 manat pul göndərirdi. Bu da çox az pul idi. Ailəmdən pulu necə tələb edə bilərdim ki, onlar da maaşa baxırdılar. Əlaçı olduğum üçün 36 manat təqaüd alırdım. İkinci kursdan respublika mətbuatında çıxış etməyə və qonorar almağa başladım. Birinci kursda oxuyanda dərsə paltosuz gedirdim. İkinci kursda ilk paltomu, üçüncü kursda ilk saatımı qonorarımla aldım. Şahmat oynamağı da sevirdim. Qonorarımla özümə şahmat, fotoaparat da aldım”. Sonralar Yazıçılar İttifaqından da, radioda oxunan hekayələrinə görə də qonorar alır.
"Saat yarım piyada gedib dərs deyirdim”
İnstitutu bitirəndən sonra kəndlərinə dönən Ə.Ağayev qonşu kənddə müəllimlik edir. Yayın qızmar istisində, qışın sazağında saat yarım yolu qonşu kəndə piyada gedib dərs deyir: "Səhərlər 7-də evdən çıxır, 9-a qalmış məktəbə çatırdım. Qışda yolda canavarlara rast gəlir, qarın üstündə dovşanın, tülkünün izini görürdüm”.
Həmişə həyatın içində olduğunu deyən Ə.Ağayev ömür boyu özü-özünü dolandırdığını, inkişaf etdirdiyini, eyni zamanda, xeyirxah insanlar tərəfindən zəhmətinin, əməyinin dəyərləndirildiyini deyir. Həmişə, müəllim olaraq dərs dediyi zamanlarda belə öyrəndiyini bidirir: "Mən oxuduğum məktəblərin kollektivlərinə minnətdar olduğum qədər ilk ildə işlədiyim orta məktəbin direktoruna və kollektivinə təşəkkür edirəm ki, onlar məni pedaqoq etdi”.
© AzNews.az