Amaliya Pənahovanın Rasim Balayevə son sözü: “Bir gün vaxt elə...”

27 Noyabr 2018 14:01 (UTC+04:00)

“Amaliya xanımın ölüm xəbərini Türkiyədə eşitdim, çox pərişan oldum”.

Bunu AzNews.az-a açıqlamasında xalq artsiti Rasim Balayev mərhum aktrisa, xalq artisti Amaliya Pənahovanın ölümündən danışarkən deyib. Aktyor qeyd edib ki, Amaliya Pənahovanın ölümündən 8 gün əvvəl ona zəng edib:

“Noyabrın 7-də Türkiyəyə getmişdim. Ondan 8 gün əvvəl Amaliya xanımla telefonla danışdım. Səsi batmışdı, zülmlə danışırdı. Mən elə bilirdim ki, soyuqlayıb. Hamı kimi, mən də onun gizli xəstəliyini bilmirdim. Çox yaxşı əhval-ruhiyyə ilə danışdıq. Dedi “bir gün vaxt elə, görüşək, dərdləşək”. Razılaşdım, noyabrın 4-də ona görüşmək üçün zəng etdim. Dedilər komadadır. Elə həmin anda onun qara xəbərini alan kimi oldum”.

Rasim Balayev Amaliya Pənahovanın xəstəliyinin hamıdan gizlətməsinin səbəbini açıqlayıb:

“Amaliya Pənahovada bir xanımlıq qüruru vardı. O, qürur yol verməzdi ki, səhhəti ilə bağlı məlumat açıqlasın. Adam var, bir balaca ağrıyan ki, onu cəmiyyətlə bir edir. Amaliya xanım belə deyildi”.

Xatırladaq ki, xalq artisti Amaliya Pənahova uzun sürən xəstəlikdən sonra noyabrın 8-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az