Paşinyan seçkidən sonra adam kimi danışacaqmı?

28 Noyabr 2018 09:42 (UTC+04:00)

Hətta məqsədə aparan vasitələrlərə bir o qədər də məhəl qoymayan Kreml strateqləri və onların ssenarilərinin icraçıları belə tələsmək istəmir, səbrlə prosesin bitməsini gözləyirlər.

Hamı düşünür ki, gec-tez küçə və meydanlardakı Paşinyanla kabinetdəki “legitim baş nazir” axır ki, fərqlənəcək.

Bizsə əvvəldən fərqli düşünmüşük, baxmayaraq ki, bizim də siyasət və diplomatiya adamları səbrlə gözləməklə, Paşinyanın Dağlıq Qarabağla bağlı gah bu kənddə, gah da o biri kənddə səsləndirdiyi bəyanatları bircə - bircə cavablandırmaqla məşğuldurlar.
Bəyanatlarsa heç də ürəkaçan deyil, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol müəllim lap sınıq val kimi öz sələfləri Koçaryanın və Sarkisyanın ritorikasında ilişib qalıb: gah onlar kimi bizə hədə gəlməklə, gah da illər öncə səslənmiş bəyanatı – Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb olunmasını təkrar – təkrar dilə gətirməklə sanki bizim səbrimizi sınağa çəkməklə məşğuldur.
Biz isə səbrlə gözləyirik ki, N.Paşinyan Ermənistanda necə bir demokratik proses getdiyinə Qərbi inandıra bilsin. Hətta onu da düşünmürük ki, bu heç bir halda xeyrimizə deyil. Amma olsun. Deyirlər ki, guya N.Paşinyan Düşənbə sammitindəki ayaqüstü söhbətdə seçkilər bitənədək Azərbaycandan möhlət istəyib. Bunun doğru, ya yalan olduğu bizə dəqiq məlum deyildir, amma bir daha deyirik ki, qoy, olsun, Qarabağda yeni səhifəni yeni ildən başlamağın özündə bir simvolizm və məna tapmaq olar.

O ki qaldı bunun nə qədər real olmasına və Paşinyanın heç olmasa, legitim baş nazir olandan sonra adam dilində danışıb- danışmayacağına, bu haqda konkret söz deyə bilmirik və bizə elə gəlir ki, erməni baş naziri bizə öz ağlı ilə deyil, əksinə ağılsızlığı ilə xidmət edəcək.

Xüsusən də onun Kremllə münasibətləri korlayacağını düşünürük. Bu müstəvidə nəsə baş verməlidir. Dəfələrlə yazmışıq ki, Paşinyanla anlaşa bilməsə Kreml vəziyyəti Ermənistanın içindən dəyişməyə cəhd edəcək, yox, bu olmasa, alınmasa, onda “boşanma” prosesi başlayacaq və İrəvan Moskvanın himayəsindən məhrum olacaq.

Paşinyanın adam dilini öyrənməsinə gəldikdə isə, bu daha çətin məsələdir. Əlbəttə, biz də başa düşürük ki, otuz il sərasər geçələr yatağa girərkən belə “Qarabağ” deyən xəstə cəmiyyətə birdən-birə həqiqətləri demək, bu sevdadan daşınmağın vacib olduğunu anlatmaq elə də asan bir məsələ deyil, xüsusən də o halda ki, Qarbağ hərbi-siyasi teatrına bu günə qədər kriminal Dağlıq Qarabağ klanının nəzarət etdiyini biləsən...

N.Paşinyan bu neçə ay ərzində yalnız kütlənin xoşuna gələn sözlər deyib, hərəkətlər edibdir. Amma demək olmaz ki, həmin kütlə elə yüzə-yüz Koçaryanın və Sarkisyanın dediklərini təkrarlamaqla məşğuldur. Yox, arabir fərqli fikirlər də səslənir, Ermənistanda ən azı əsgər anaları etiraz edirlər, gənclər Dağlıq Qarabağda, Azərbaycanın işğal olunmuş digər rayonlarında xidmətdən yayınmağa çalışırlar, hətta indiki haldakı ordunu saxlamağın belə hökumət üçün nə qədər çətin olması anlaşılır...

Konstruktiv niyyətli siyasətçi belə “mövqe rüşeymləri”ni inkişaf etdirməyə çalışar və cəmiyyətin həmin məsələlərlə bağlı əsl mövqeyini öyrənməyə cəhd edərdi. Amma Paşinyan belə etmir, əksinə sələflərinin “döyüşkən” ritorikasını davam etdirir.

Məsələn, o, oğlunu Azərbaycanın işğal olunmuş rayonlarına xidmətə göndərməyə bilərdi. Məslən, o, Qarabağa səfərlər edib, oradakı destruktiv ovqatı bir az da qızışdıran bəyanatlar səsləndirməyə bilərdi.

Məsələn, o, Dağlıq Qarabağdakı oyuncaq rejimin danışıqlara cəlb olunması kimi sərsəm bəyanatı ermənilərin yadına salmaya bilərdi, bu gün orduda yaşanan neqativ proseslərin, hərbi hissələrdəki hətta ərzaq çatışmazlığının belə əsl səbəblərini insanlara açıqlaya bilərdi...

Amma o, bunların heç birini etmir, əksinə, aranı bir az da qızışıdırır və qəti nəzərə almır ki, bir gün insanlar bütün bu problemlərin həllini qeyri bir adamdan yox, məhz ondan soruşacaqlar.

Bu yaxınlarda onun bir müsahibəsinin xülasəsini oxuduq. “Biz bunu etdik, onu etdik...” – bəli, müsahibənin tonu belə idi. Bu adam ola bilsin, elə həqiqətən də özünün böyük işlər gördüyünə inanır. Bəli, Sarkisyan rejimini devirdiyinə görə ona alqışılar düşür, amma erməniləri düz yola çıxarmaq üçün “Sarkisyan-Koçaryan məntiqi” də devrilməli və insanlara əsl həqiqətlər deyilməlidir.
Amma Paşinyan cənabları bunları deməyi qətiyyən düşünmür və hələ Böyük Fransa İnqilabından qalan böyük bir dərsi tamam-kamal unudur: inqilab balalarını yeyir...

Həm də inqilabların başqa dərsi də var: onu dahilər fikirləşir, fanatlar icra edir və fırıldqçılar isə fayda götürürlər. Bilmirik ki, Paşinyan bu üç kateqoriyadan özünü hansına aid edir. Bir onu bilirik ki, hər şeyi yerinə qoyan, yerbəyer edən, bir növ, qablaşdıran əlahəzrət zamandır.

Odur ki, gəlin bir-iki ay da gözləyək. Hərçənd ki, gözləmək də bir il olar, iki il olar və ən başlıcası da bu gözləntilərin ardında ciddi niyyət və qətiyyət dayanar və sən də biləsən ki, bu, müvəqqətidir. Amma bəs indi nə baş verir? B.Saakyan Parisdən vurub Moskvadan çıxır, biz isə illərlə nöqtəsini və vergülünü dəyişmədiyimiz diplomatik şablonlarla özümüzü aldatmağa çalışırıq ki, guya bizi də eşidən var...

Hüseynbala Səlimov
AzNews.az