Şumaxer Bakıya gələcək - FOTO

28 Noyabr 2018 10:05 (UTC+04:00)

Əfsanəvi pilotun oğlu Bakıda keçiriləcək Formula 2 yarışlarında iştirak edəcək.

Aznews.az xəbər verir ki, bu il “Formula 3” Avropa seriyasının çempionu olan Mik Şumaxer növbəti il karyerasını Formula 2-də davam etdirəcək. Bu o deməkdir ki, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlunu gələn ilin aprelində Bakı trekində sürət uğrunda mübarizədə görə biləcəyik.

Qeyd edək ki, gənc sürücü “Prema” komandası ilə müqavilə imzalayıb. O, bu həftə Abu-Dabidə keçiriləcək test yürüşlərinə də qatılacaq.

19 yaşlı pilot Meksikada keçiriləcək Çempionlar yarışında da iştirak edəcək. Şəxsi mübarizə ilə yanaşı, həmçinin Millətlər Kubokunda Almaniyanı həmyerlisi, dördqat dünya çempionu, 2018 Formula 1 yarışlarının vitse-çempionu Sebastyan Vettellə təmsil edəcək.

Xatırladaq ki, 2017 və 2018-ci ildə Bakıda Formula 2 yarışları baş tutub. 2017-ci ildə paytaxtımızda podiuma çıxmağı bacaran fransız pilot Şarl Lekler növbəti il Sauber komandasının heyətində Formula 1 pilotu kimi ölkəmizə gəldi. O, artıq “Ferrari” komandası ilə müqavilə imzalayıb.

2018-ci ildə Bakıda Formula 2 üzrə birinci olmağı bacaran britaniyalı pilot Corc Rassel isə apreldə Bakıya Formula 1-də Williams komandasının pilotu kimi qayıdacaq. 2019-cu il Mik Şumaxer üçün uğurlu keçsə, məşhur soyadlı gənci hətta Bakıda beşinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində də görə biləcəyik.

Mik Şumaxer yarışlara artıq 9 yaşından qatılmağa başlayıb. Əvvəllər atasının xahişi ilə anasının qızlıq soyadı ilə çıxış edirdi – Mik Beç (Mick Betsch). O, Formula 3-də ilk titulunu da elə 2018-ci ildə qazanıb.

AzNews.az