“Bu məsələdə bütün ölkələr bir mövqedən çıxış etməlidir” - Əli Məsimli

28 Noyabr 2018 10:41 (UTC+04:00)

“Bu konflikt artıq Rusiya və Ukrayna arasında baş verən konflikt kimi dəyərləndirilmir, qlobal bir qarşıdurma xarakteri alıb”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü Əli Məsimli Azov dənizinin Kerç boğazında baş vermiş gərginliyə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, bu məsələyə müxtəlif tərəflərdən baxanda hər bucaqdan başqa cür görünür. Həqiqətə yaxın mövqe sərgiləmək üçün ümumi prizmanın yuxarı hissəsindən baxmaq lazımdır ki, bucaqların kəsişmə nöqtəsini görə biləsən:

“Düşünrəm ki, bu cür konfliktlər Ukraynanın ərazisi olan Krımın ilhaq edilməsi və onun Şərqindəki ərazilərdə qondarma rejimlərin yaradılması ilə əlaqədardır. Bu cür hadisələr bundan sonra da baş verəcək. Belə qarşıdurmalar olmasın deyə, bir-birinə yaxın, qardaş hesab olunan ölkələr masa arxasına əyləşib həmin konflikti çözmək istiqamətində real istəklərini ortaya qoymalıdırlar. Bu konflikt artıq Rusiya və Ukrayna arasındakı konflikt kimi dəyərləndirilmir, qlobal formalı bir qarşıdurma xarakteri alıb. Elə ona görə də bu gün dünyanın gücləri bu məsələdə öz mövqelərini nümayiş etdirirlər. BMT Təhlükəsizlik Şurasının iclasında da açıq göründü ki, ABŞ, Böyük Britaniya, Fransa kimi böyük ölkələr bilavasitə Rusiyanın bu hərəkətlərini qınadılar. Düşünürəm ki, bu məsələdə bütün ölkələr birləşib eyni mövqedən çıxış eləməlidir”.

Bu məsələdə Azərbaycanın mövqeyinə gəldikdə isə deputat bildirdi ki, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü kimi Ukraynaya xüsusi münasibət bəsləyir:

“Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna GUAM xətti ilə həmişə tədbirlərdə iştirak edir və bu ölkələr eyni taleyi bölüşürlər. Çünki hər biri ərazi bütövlüyünün bölünməsi halına məruz qalır. Hesab edrəm ki, bu təşkilata daxil olan ölkələr həm ayrılıqda, həm də birgə formada öz ərazi bütövlüklərinin təmin olunması istiqamətində bir-birilərini dəstəkləməlidirlər. Bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər aydın formada öz əksini tapıb. Azərbaycan Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımları həmişə dəstəkləryir və bunu beynəlxalq tədbirlərdə də nümayiş etdirir. Biz də beynəlxalq təşkilatlarda iştirak edən, GUAM-ı təmsil edən millət vəkilləri kimi hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik”.

Elgün MƏNSİMOV
AzNews.az