Həmsöhbətim söylədi ki, idmanda fiziki sağlamlıq qədər psixoloji sağlamlıq da önəmlidir: "İnsan qarşısına məqsəd qoymalı və bu məqsədə doğru irəliləməlidir. Müəyyən çətinliklər hər zaman qaçılmazdır. Önəmli olan məqsədə çatana qədər öz yolundan dönməməkdir. Qarşıya çıxan əngəlləri problem kimi deyil, düşdüyün vəziyyət kimi qarşılamaq lazımdır. Bir zədəyə görə illərlə məşq etməyən idmançılar var. Əslində, idmançılar iki cür olur, bütün günü məşq edənlər və onları televiziyadan izləyənlər. Zədədən sonra idmançının motivasiyası çox önəmlidir. Burada mən yenə də müəllimin rolunu qeyd etmək istərdim. Çünki müəllimlərin üzərinə çox şey düşür. Müəllim öz şagirdini istiqamətləndirməyi bacarmalıdır. Bu elə bir haldır ki, təkbaşına vəziyyətdən çıxmaq çətin olur. Mənim də başıma belə hallar gəlib. Bir dəfə iki qabırğam sınmışdı. Amma bunu özüm də bilməmişəm. Evə gələndə gördüm ki, nəfəs alanda çətinlik çəkirəm. Kişilər adətən, öz zəifliklərini və ağrılarını deməkdən çəkinirlər. Rentgendən sonra məlum oldu ki, bir həftə əvvəl qabırğalarım çatlayıb. Elə o halda da məşqlərə davam edirdim. Əgər mən bunu tələbələrimə hiss etdirsəydim, onlar qorxa bilərdi. Standart zədələr hamıda olur. Əgər ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən. Ağrının keçməyini gözləyirsənsə, qalib ola bilməzsən. Bütün bu çətinlikləri gözə ala bilən insan uğur qazana bilər. Bəzən deyirlər ki, filankəs dünya çempionu oldu. Bu, asan məsələ deyil. Necə ki, uşaq dünyaya gələndə hamı sevinir. Amma çəkilən əziyyətləri heç kim bilmir”.
Z.Cəfərov qeyd etdi ki, gələn ilin iyun ayında İrlandiyaya Avropa çempionatına yollanacaqlar. Məşqlərə isə indidən başlayıblar: "8 ay ərzində yarışa hazırlaşacağıq. Amma qıraqdan baxana bu çox sadə gələ bilər. Mən tələbələrimə zədələndiyimi desəm, bu onların da psixoloji sağlamlığına zərər vura bilər. Bəzən ata və anaların savadsızlığı uşaqları bədbəxt edir. Adi bir səbəbə görə uşağı idmandan uzaqlaşdıran var. İlk dəfə sevindiyim çəki 135 kilo olub. Ən yüksək göstəricim isə 275 kilo. Dünya rekordu 310 kq-dır. Məqsədim bu rekordu yeniləməkdir. Amerikada olarkən bir qədər zəiflədim. Saat fərqi, düzgün qidalana bilmədiyimə görə çəkim aşağı düşdü. Yol uzaq idi, yarışa bir gün qalmış viza məsələsində problem çıxdı. Biz ora çatdığımız günün səhəri yarış idi. Növbəti dünya çempionatı isə gələn ilin noyabr ayında olacaq. İdmanın bu növündə idmançının ən böyük uğuru göstərdiyi nəticədir. Nəticə qazandığın medaldan daha önəmlidir”.