Əsas icraçısı Almaniyanın Analitika və Siyasi Dialoq İnstitutu və maliyyələşdirəni Almaniya Xarici İşlər Nazirliyi olan bir layihə çərçivəsində idi səfər. Donbasda meydana çıxan münaqişə və bölücülük sonucu əhalinin bir qisminin köçkünə çevrilməsini yerində görüb tanış olmuşduq. İstər Kiyevdə, istərsə də bölücü-işğalçıların nəzarəti altındakı Donetskin lap yaxınlığında yerləşən Kramatorsk şəhərində olarkən həm görüşlər, həm də seminarlar sonucu xeyli maraqlı bilgi toplamışdıq. O bilgilər sırasında Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin (Vyana) baş layihə müdiri Violeta Vagnerin təqdimatında səslənən rəqəmlər diqqətimi çəkmişdi və qərara almışdım ki, bu təqdimat haqqında ayrıca yazı yazım.

Xanım Vagner öz mükəmməl təqdimatı ilə
Bu yazının yazılmasına səbəb təqdimatın özüylə bərabər layihədə iştirak edən bir erməni qızının fikirləri oldu həm də. O haqda sonda danışarıq. İndi isə təqdimatda diqqətimi çəkən bəzi rəqəmlər haqqında.
Xanım Vagnerin təqdimatından öyrəndik ki, keçmiş Sovet ölkələrindən Rusiyaya davamlı işçi köçü var. Rəqəmlər də kiçik deyil. Əlbəttə, bizim üçün daha maraqlı olan Azərbaycan, eləcə də digər Qafqaz ölkələridir.
Vagnerin təqdimatına görə, 2017-ci ildə Azərbaycandan Rusiyaya ümumilikdə 33 min 828 nəfər köç edib. Ermənistandansa daha çox: 36 min 180 nəfər. Gürcüstan bu məsələdə “geridə” qalır: 6 min 787 nəfər.

Təqdimatdan bir kəsim
Eyni dövrdə Avropaya Azərbaycandan 6 min 338, Ermənistandan 7 min 223, Gürcüstandan isə 10 min 100 nəfər köçüb.
Bu bilgilərin mənbəyi olaraq xanım Vagner Rusiya Daxili İşlər Nazirliyi və EuroStat-ı göstərir.
Belə baxanda bu rəqəmlər özlüyündə bəlkə də ciddi bir şey demir. Amma faizlərə çevirəndə bəlli olur ki, müqayisədə Azərbaycan olduqca əlverişli durumdadır. Beləliklə, xanım Vagnerin təqdimatından əldə etdiyimiz bu rəqəmləri hər üç ölkənin əhalisinin sayına əsaslanaraq nəzərdən keçirək.
Azərbaycan əhalisi təxminən 10 milyondur. Ermənistan əhalisi isə 3 milyon. Gürcüstan 3,9 milyonluq əhaliyə sahibdir. (A.H. – BMT-nin rəsmi rəqəmlərinə əsasən.)
Bu rəqəmlərə əsaslansaq belə anlaşılır ki, 2017-ci ildə Azərbaycan əhalisinin hər 100 min nəfərindən cəmi 338-i Rusiyaya köç edib. Ermənistandan isə hər 100 min nəfərin 1206-sı Rusiyaya köçüb. Gürcüstanda bu rəqəm hər 100 min nəfər üçün 174 nəfər olmaqla ən aşağıdır. Bu da səbəbsiz deyil. Çünki Gürcüstanın Rusiyayla problemlərinin olması gürcülərin daha çox Avropaya üz tutmasına səbəb olur.
Avropadan söz düşmüşkən, o coğrafiyaya 2017-ci ildə hər 100 min nəfərə Azərbaycandan 63, Ermənistandan 240, Gürcüstandan isə 259 nəfər köç edib.
Göründüyü kimi, Azərbaycanın əhalisi digər ölkələrdən bir neçə dəfə artıq olsa da ölkəni həm Rusiya, həm də Avropa istiqamətində tərk etmək istəyənlərin sayı dəfələrlə azdır. Bu isə ondan xəbər verir ki, ölkədəki ictimai-siyasi durum, sabitlik və rifah halının daha üstün olması insanların ölkədə qalmağa üstünlük verməsinə səbəb olur.
Azərbaycanın qonşu dövlətlərlə müqayisədə daha sabit və daha təhlükəsiz olmasını xanım Vagnerin təqdimatındakı valyuta rəqəmləri də təsdiqləyir. Gəlin, indi də işçi köçkünlərin xaricdən öz ölkəsinə göndərdiyi pulun ümumi daxili məhsulun həcminə nisbətinə nəzər salaq.
Beləliklə öyrənirik ki, 2017-ci ildə Ermənistana xaricdəki köçkünlərdən 1 milyard 538 milyon dollar pul daxil olub. Azərbaycana 1 milyard 133 milyon, Gürcüstana isə 1 milyard 794 milyon. Göründüyü kimi, ən az pul Azərbaycana daxil olub, ən çox isə Gürcüstana.

İşçi köçkünlərin öz ölkələrinə göndərdiyi pullar
Belə bir durum yaxşıdırmı? İlk baxışdan yaxşı görünmür. Necə də olsa, biz niyə xaricdən daha az pul almışıq? Yaxşı olmazdımı ki, dünyada daha geniş təmsil edilən Azərbaycanlılar öz ölkələrinə daha çox pul köçürəydilər? İlk baxışdan bunun yaxşı olacağını deyə bilərik.
Amma yaxşı olmazdı. Çünki belə pulların çox gəlməsi ölkənin xaricdən asılılığı deməkdir. Eyni zamanda ölkə insanlarının rifah halının aşağı olmasının, dövlətin də problemləri həll etməkdə zəifliyinin göstəricisidir.
Bu rəqəmləri faizə çevirəndə durumun kimin üçün yaxşı, kimin üçün pis olmasını daha əyani şəkildə görmək olar.
Xanım Vagnerin Dünya Bankına əsaslanaraq hesabladığı faizlərə görə, Ermənistanda ÜDM-nin 13,34 faizini məhz xaricdəki işçi miqrantların köçürmələri təşkil edir. Gürcüstanın işçi miqrantları isə öz həmvətənlərinin ÜDM-nun 11,83 faizini təmin edir. Azərbaycana gəlincə, bu rəqəm dəfələrlə aşağıdır: cəmi 2,78 faiz.
Belə bir durum nə deməkdir? Öz işinin ustası olan xanım Vagner izah edir ki, bu faizlər nə qədər aşağı olarsa, ölkə üçün xarici faktordan asılılıq riski də bir o qədər aşağı olar. İştirakçılardan birinin sualına cavab olaraq o qeyd etdi ki, əgər bu rəqəm 10 faizdən yuxarıdırsa, ölkənin çox ciddi problemi var deməkdir. Yəni günün birində xaricdəki işçi miqrantların öz ölkələrinə köçürmələri problemə çevrilərsə, daxildə sabitlik pozular. Yaxud da xarici güclər bu faktordan ölkəyə təzyiq üçün istifadə edə bilər. Ona görə də dünyanın aparıcı dövlətləri belə asılılıqdan uzaq qalmağa çalışırlar.
Yeri gəlmişkən, keçmiş Sovet ölkələri arasında bu məsələdə ən acınacaqlı durumda olan Qırğızıstan və Tacikistandır. Uyğun olaraq onların ÜDM-nun 32,86 və 31,56 faizi xaricdən daxil olur…
Bütün bu rəqəmləri sadə dildə izah edərsək, hər bir Azərbaycanlının 100 dollarının cəmi 2,8-i xaricdən gəlir. Gəlməsə də biz Azərbaycanlılar ciddi sıxıntı hiss etmərik.
Bir gürcünün aylıq 100 dollarınınsa 11,83 dolları xaricdən gəlir. Gəlməsə, hardasa sıxıntı hiss etməyə başlarlar. Yəni bu o deməkdir ki, gürcü vətəndaşı il ərzində 142 dollar geri düşə bilər ki, bu da kiçik rəqəm deyil.
Ermənistan insanı isə aylıq 100 dollarının 13,34 dollarını almaqdan məhrum olacağı təqdirdə il ərzində 160 dollar əskiyi olacaq ki, bu da iqtisadi problemlər içində çabalayan ölkə vətəndaşı üçün olduqca böyük rəqəmdir.
Uyğun olaraq biz Azərbaycanlılar xaricdən daxil olan bu puldan məhrum olarsaq demək olar ki, heç bir sıxıntımız olan deyil. Bu vəsait bizim hər fərdimizin illik xərclədiyi 1200 dolların cəmi 34 dollarını təşkil edir…
Violeta Vagnerin təqdimatında Avropa Birliyi ölkələrində siyasi sığınacaq almaq istəyənlərlə bağlı da maraqlı rəqəmlər var.
2017-ci ildə AB ölkələrində 11135 Gürcüstan, 7685 Ermənistan, 4780 Azərbaycan vətəndaşı siyasi sığınacaq üçün müraciət edib. Göründüyü kimi, Azərbaycan bu məsələdə ən yaxşı durumdadır. Hələ ölkələrin əhali sayını nəzərə alıb bu rəqəmləri faizə çevirəndə ümumiyyətlə durum bir neçə dəfə Azərbaycanın xeyrinə olur. Bu isə Gürcüstan və Ermənistanda siyasi durumun, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edildiyi haqqında manipulyativ iddiaları alt-üst etmək üçün yararlıdır…

Siyasi sığınacaq üçün edilən müraciətlər
Bir daha qeyd edək ki, Violeta Vagner bu rəqəmləri Dünya Bankı, EuroStat və Rusiya Daxili İşlər Nazirliyinin rəsmi bazalarından əldə edib. Biz də onların əsasında kiçik bir təhlil aparıb Güney Qafqaz ölkələrinin maliyyə-iqtisadi və siyasi durumunu şərh etdik ki, oxucularımız üçün əlavə bilgi olsun. Onu da nəzərə alaq ki, xanım Vagnerin nə Azərbaycan, nə də digər ölkələrlə hər hansı formada siyasi və iqtisadi əlaqəsi yoxdur, tam tərəfsiz bir beynəlxalq ekspertdir.
Yuxarıda qeyd etmişdim ki, bu yazını yazdıran həm də bir erməni qızının fikirləri oldu. Nə idi o fikirlər? Erməni qızı çıxışında qeyd etdi ki, onların ölkəsində bir kənd var, orada qadınlar lüt şəkildə rahat-rahat çayda çimirlər. Səbəbi maraqlı gəldi, ona da aydınlıq gətirdi. Dedi ki, kəndin bütün kişiləri çörəkpulu dalınca xaricə getdiyi üçün qadınlar kişisiz qalıblar. Ona görə də öz aralarında istədikləri kimi davranırlar, heç kimdən də çəkinib-utanmaları üçün səbəb yoxdur…
Sözardı: Mən 1986-cı ildə Xaçmaz rayonunun Dədəli kənd orta məktəbini bitirmişəm. Sinifdə bizim kənddən 13 oğlan vardı. Bu gün o 13 oğlandan 11-nin özü və ailəsi kənddə yaşayır. Yalnız 2 nəfər – mən və İlqar adlı sinif yoldaşımız kənardayıq. İlqar Ukrayna vətəndaşıdır, mənimsə bir ayağım Dədəlidədir zatən. Kənddə yaşayan sinif yoldaşlarımın heç biri yaşayışından şikayət etmir, ölkəni tərk etməyi ağıllarına belə gətirmir. Dolanışıqları yüksək səviyyədə, təsərrüfat sahibidir hər biri…
Qeyd: Yazıda işçi köçkünlərlə siyasi mühacirlərə aid rəqəmlər ayrı-ayrılıqda təqdim edilir.
Azər Həsrət