“Yandex” Azərbaycanla bağlı yol verdiyi səhvi düzəltdi

30 Noyabr 2018 16:26 (UTC+04:00)

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bu barədə nazirliyin mətbuat katibi Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdırıb, müvafiq ölçü götürülməsi üçün “Yandex”in rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Həmin məktubda Azərbaycan və xalqımızla bağlı ətraflı məlumatlar təqdim edilib. Şirkət nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qaldırılıb.

Xatırladaq ki, sözügedən tətbiqdə “azərbaycanlılar kimlərdir?” sualının cavabı “Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub”, - formasında qeyd edilib.(report.az)

© AzNews.az