Qonşuluğumuzda hansı Gürcüstan olacaq?..

3 Dekabr 2018 09:59 (UTC+04:00)

Seçkinin birinci turundan sonra M.Saakaşvilinin dəstək verdiyi Q.Vaşadzenin şansları daha yüksək dəyərləndirilsə də və son günlərdə bunun təsdiqi kimi Gürcüstanda növbədənkənar parlament seçkisi tələbilə çox ciddi etirazlar başlasa da, hələlik əsas qənaət budur ki, görünür, gürcülər talelərilə risk etməmək qərarına gəldilər, “bərəkət!” deyib B.İvanişvilinin vəd etdiyi seçki hədiyyəsini qəbul etdilər – axı banklara borclu olmaq da bir o qədər də ürəkaçan iş deyil və bunu biz Azərbaycanımızın da təcrübəsindən bilirik.

Düzdür, yalnız dekabrın 15-dən (o vaxtadək “Gürcü arzusu” koalisiyasının əsl qara günləri başlamasa!) sonra İvanişvilinin vədinə nə qədər sadiq qaldığı məlum olacaq, amma düşünürük ki, o, hər halda vədinə xilaf çıxmaz, çünki bunun ardınca parlament seçkiləri – ölkə həyatında prezident seçkilərilə müqayisədə daha önəmli olan seçkilər gəlir və qəzəblənmiş gürcü elektoratı İvanişviliyə elə toy tutar ki, o, bir də seçki deyilən işə yaxın durmaz...

Qərəz, guya S.Zurabişvili artıq seçilmiş prezidentdir və biz də formal olaraq bunu qəbul edirik. Bu isə ən birincisi o deməkdir ki, M.Saakaşvilinin ölkəyə dönüşü bu dəfə də baş tutmadı, baxmayaraq ki, indiki etirazların fonunda xeyli dərəcədə mübahisəli məsələdir bu.

Gəl, hadisələri qabaqlamağın qəti tərəfdarı deyilik. Odur ki, əksər təhlilçilər kimi daha çox digər məsələyə - Zurabişvilinin prezidentliyinin regional məsələlərə təsirini araşdırmağa çalışacağıq, halbuki özümüz də çox yaxşı bilirik ki, prezidentlik institutu Gürcüstanda daha çox formal xarakter daşıyır və ən çox təmsilçilik institutudur.

Əlbəttə ki, heç bir halda demək olmaz ki, bu, tamam səlahiyyətsiz və mənasız qurumdur – təbii ki, belə deyil, çünki siyasətdə də “rezonans”lar deyilən hadisələr baş verir, bir də görürsən ki, prezidentin, baş nazirin və spikerin baxışları, mövqeləri üst - üstə düşür və bu halda bir daha deyirik ki, məhz həmin “rezonans” baş verir; siyasətdə hansısa tendensiya güclü bir təkan alır.

O ki qaldı bilavasitə və daha yaxın dövrlər üçün real təsirlərə, düşünmürük ki, qeyri-adi bir şey baş versin, baxmayaraq ki, xanım prezident seçkilər vaxtı bir-iki anti-türkçü bəyanatı ilə diqqəti çəkmişdi, amma hamının fikrincə, bunlar adi seçki epizodları idi.

Hətta onu da istisna etmirik ki, xanım prezident gizlində türkləri, müsəlmanları sevmir və bu, xaçpərəst, avropalı və ya gürcü qadın üçün elə də qeyri-adi bir ştrix deyil və artıq buna adət etmişik. Əsas odur ki, insanlar heç də həmişə siyasəti daxili motivlər əsasında qurmurlar, siyasətin ən birinci meyarı reallıqlardır və düşünürük ki, S.Zurabişvili də bunun fərqindədir.

O səbəbdən də ciddi bir narahatlıq üçün əsas yoxdur. Bu illər ərzində Azərbaycanın Gürcüstan üçün hansı önəm kəsb etdiyini xırdalamağa bir daha ehtiyac yoxdur düşünürük. Əlbəttə ki, bu müddətdə Gürcüstan da tamam passiv “oyunçu” olmayıb, müəyyən qədər riskləri də bölüşübdür.

Amma bircə anlığa bir suala cavab verməyə çalışın: Azərbaycansız Gürcüstan nə olardı? Düşünürük, bunu hətta təsəvvür etmək də olduqca çətin məsələdir. Üstəlik, Gürcüstan elə bir duruma da çatmayıbdır ki, tez şəkildə Azərbaycana arxa çevirmək qərarına gəlsin–yox, belə olmayacaq və bundan narahatlıq keçirməyə dəyməz.

Bizi əslində tamam başqa məsələ düşündürür: Tiflisin Bakı ilə həmrəyliyini daha da artırmaq üçün əlavə imkanlar mövcuddurmu?

Heç sözsüz ki, burada Dağlıq Qarabağ problemilə bağlı həmrəyliyi nəzərdə tuturuq. İki region dövləti – İran və Gürcüstan istəsələr Qarabağ probleminin həllinə böyük dəstək verə bilərlər – yetər ki, bunun üçün o dövlətlər Ermənistanla ticari-iqtisadi əlaqələrini məhdudlaşdırsınlar...

Odur ki, hələ Tiflis istiqamətində görüləsi işlərimiz qalıbdır. Növbəti ildən başlayaraq Bakı-Tiflis-Qars dəmiryolu xəttində də ciddi bir dönüş gözlənir və bu layihə də heç şübhəsiz ki, iki ölkənin işbirliyini və onlar arasındakı anlaşmanı daha da artıracaqdır.

Üstəlik, “Gürcü arzusu” koalisiyasının da bu illər ərzindəki siyasəti göstərdi ki, onların da ölkənin xarici siyasətinə ciddi korrektələr etmək niyyətləri yoxdur – Avropaya istiqamətlənmiş siyasət bu siyasi qüvvənin də xarici siyasi kursunun əsasını təşkil edir və zaman keçdikcə Tiflisin NATO ilə bağlı olan planalarının da ciddiliyi artır.

Əlbəttə, bütün bunları reallaşdırmaq üçün Tiflisə ilk növbədə Bakının dəstəyi lazımdır, əks halda o, Kremlin pressinqinə davam gətirməz. Amma burada bir məsələ var: məsəl var, deyirlər ki, qonşun üçün istə, amma özünü də yaddan çıxarma. Tiflis yenə də regionun siyasi mərkəzi rolunu oynamağa başlayıb. Bunun da səbəbi odur ki, qonşu ölkədə siyasi iqlim nisbətən mülayimdir və Avropa yönümlüdür. Bu da istər - istəməz bütün təşkilatları, hətta ölkələri də cəlb edir. Bəli, Bakı regionun iqtisadi – sənaye mərkəzidir, amma onun həm də siyasi bir mərkəz kimi özünü saxlaması heç də ziyanımıza olmazdı...

Qərəz, Saakaşvili tərəfdarları proseslərin süjet xəttini tamam dəyişməsələr S.Zurabişvili prezident olacaq və bəlkə biz bu xanımın sayəsində gürcülərin həqiqi arzusunun nədən ibarət olduğunu biləcəyik.

Hələliksə S.Zurabişvili prezident deyil, çünki andiçmə mərasimi olmayıb və hətta ola bilsin ki, heç olmayacaq da, çünki daim qeyd etdiyimiz kimi M.Saakaşvilidə avantüralara meyl güclü olsa da, hər halda, dinamika yarada bilir. Bizim isə istəyimiz odur ki, hansı ssenari Gürcüstan üçün daha yaxşı və ya məqbuldursa, o, da gerçəkləşsin, çünki bu ölkə bizim üçün də gərəklidir...

Hüseynbala Səlimov