Adını yox, özünü bəyəndiyim roman

3 Dekabr 2018 13:55 (UTC+04:00)

Kitabı Mirmehdinin iş masasının üzərində gördüm. Diqqətimi çəkdi, adı yox, üzərində olan "Mirmehdi Ağaoğlu" yazısı. Elə oradaca, oxumamış iradımı bildirdim - "Kitabın adı uğursuzdur".

Sonra mənə görə yeni olan bu adamı, imzanı tanımaq istədim. Kitabı oxumaq üçün götürdüm. "Qaytar ha, Koreyadan istəyiblər, kitabxanaya göndərəcəm" deyəndə oxumaq üçün bir az da həvəsləndim. Və Oxudum!

Öncə tənqid!

Kitabın tərtibatı sadədir, bir balaca da məntiq var. Üz qabığının lap yuxarısında ev maketi, aşağısında isə uca göydələnlər. Sadə məntiqlə kitabın içərisindəkilərlə uzlaşdırılıb, baxmayaraq ki, bunu daha dolğun və praktik bir formada etmək olardı. Həmçinin, kitabın üzərində kölgə effekti ilə ailə maketi əks olunub. Ana ilə qız tünd, ata ilə oğul açıq rəngdə. Amma əsərin ssenarisinə görə ana, qız və oğul tünd, ata isə açıq fonda verilməli idi...

Nəyisə, kitabın üz qabığı elə də önəm kəsb eləmir. Ona görə gəlin, ona geyiminə görə yox, özünə görə qiymət verək!

Müəllif mətndə bəzən öz emosiyalarını boğa bilmir. Məsələn, obrazın dili ilə "erməni olmaq bu ölkədə yaşamaqdan yaxşıdır" deməklə bir ailənin güzəranını və ya uğursuzluğunu dövlətin ayağına yazır.

Digər tərəfdən, deyə bilərsiniz ki, yazıçı sərbəst düşüncə ilə istənilən uğursuzluğu bir dövlətin və ya dövrün ayağına yaza bilər. Amma düşünürəm ki, müəllif burada "erməni" əvəzinə "it", "pişik", nəbilim "bomj" kimi sözlər də yaza bilərdi. Məsələn, mənim kimi millətçi, türkçü biri əsərin motivindən asılı olmayaraq, bu cümlədən sonra kitabı bitirmədən, bir daha açmamaq şərtilə bağlaya bilərdi. Amma dediyim kimi, mənim üçün yeni olan Mirmehdi Ağaoğlunu kəşf etmək istəyirdim...

Sonrakı cümlələrdə müəllifin özünün də bu ifadəni malalamağa çalışması diqqətimdən qaçmadı. Ona görə oxumağa davam elədim...

İndi isə tərif!

Kitabda hadisələr çox yavaş və ardıcıllıqla baş verir. Ani təəccüb yaradacaq heç nə ilə qarşılaşmasam da müəllifin bəhs etdiyi problemlər barədə məlumatlılığı, onu təsvir etmə üsulları olduqca diqqətimi çəkdi. Dili sadə və anlaşılandır, məntiqi ardıcıllıq yüksək səviyyədə təmin olunub.

Gitarist Nəsimi Obrazını oxuyanda düşünürsən ki, Mirmehdi sanki bütün manıs dünyasına bələddir, ailənin kirayə qayğılarını oxuduqca Mirmehdinin də bu qayğıları yaşadığını, duyduğunu görürsən. Pula olan ehtiyacın yaratdığı tragedik mənzərəni o qədər peşəkarlıqla əks etdirib ki, özünü həmin hadisələrin içərisində hiss edirsən. Bir sözlə, müəllif bank kreditlərindən tutmuş, amerika həyatına qədər hər şeyi gözəl və məntiqli yazıb.

Kitabda bir-birinə sadiq, bir-birini sonadək sevən Azərbaycan ailəsi əks olunub. Xüsusən də qadın fədakarlığı qabarıq şəkildə göstərilib. Dilbər obrazı ilə müəllif Azərbaycan qadınının, Nəsimi obrazı ilə Azərbaycan kişisinin övladlarının xoşbəxtliyi, gələcəyi üçün öz xoşbəxtliklərindən keçməsini mükəmməl şəkildə ifadə edib.

Mirmehdi bu kitabda maddi ehtiyacın xoşbəxtliyi necə məhv etdiyini real faktlarla göstərə bilib. Bununla belə, xoşbəxtliyi mala-mülkə qurban verməməyə çalışıb, haradasa ümid axtarıb, bəlkə düzələr deyə. Amma son dövrün "bəlası" olan sosial şəbəkələr bu istəyi mümkünsüzləşdirir. Elə əsərin digər əsas qayəsi də sosial şəbəkələrin insan həyatını necə məhv etməsini təşkil edir.

Bir sözlə, bütün bunlar Mirmehdi Ağaoğlu imzasını tanımama vəsilə oldu. Yəqin ki, bundan sonra da onun yaradıcılığını yaxından izləyəcəm.

Yazar əhli bir az kövrək olur deyirlər, ona görə yazdıqlarımdan inciməsə yaxşıdır. Amma dediyim dedikdir - "Bu gün səbr elə" çox uğursuz addır...

Elgün MƏNSİMOV