– Mən birbaşa olaraq Rufu günahkar hesab etmirəm. Sadəcə Martin Rufun sevgisinə elə sitayiş edir ki, adicə büdrəməklə quyunun dibinə düşür və intihara məcbur olur. Ruf isə Martinlə müqayisə azad deyildi. Lap yəqin, onu da bu hala salan Ruf və onun sevgisi idi. Bəlkə də, Ruf olmasaydı, o, nə yazıçılıq sevdasına düşəcəkdi, nə də sevgi onu öz ağuşuna alacaqdı. Necə ki digər qızlarla yüngül, sakit həyat tərzi keçiridi, elə də davam edəcəkdi. Düzdür, Rufdan ayrılandan bir az sonra düşünür ki, gərək heç bu bəsit həyatdan kənara çıxmazdı, bu, onun üçün xoş idi, amma sonra görür ki, yox, o, artıq bu həyatdan çox uzaq düşüb. Əsərdə Martinin xarakterini açmaq baxımından maraqlı bir məqam var: Çoxdan tanış olduğu Liz ona söyləyir ki, ola bilməz sizin kimi bir kişi qadınların ona pərəştişanə vurğunluğuna biganə qalsın. "Vicdanım haqqı, axırı bir qadın peyda olub, sizi yerinizdən oynatsaydı, mən ürəkdən sevinərdim”. O qız da bilir ki, Martinə gücü çatan məhz qadın – sevgi olacaq. Əlbəttə, Martin Rufdan sonrakı böhran dövrünü keçə bilsəydi, ondan da yaxşı, fədakar xanımlarla qarşılaşacaqdı. Biri elə Lizin özü. Hüqonun da dediyi kimi "Sevgi bir adamı böyüdüb kainat boyda eləmək və yaxud kainatı kiçildib bir adama yerləşdirmək deməkdir”. Yəni burada Rufda heç bir günah yoxdur, məsələ Martinin eşqə belə ilahi qiymət verməsinin nəticəsidir.
– Romantik, əyləncəli şeirləri sevən Martin ölümündən az əvvəl Nitsşenin fəlsəfəsini xatırlayır. Nitsşe nihilizmi onu da məhv edir: "Axı deyin görüm bütün bunların bir mənası varmı?”
– Martin hesab edir ki, əxz etdiyi bütün fəlsəfələri, yazdığı bütün mətnləri, özünü yenidən yaratmasını yalnız və yalnız sevginin gücünə edir. Görün, bu necə sadəlövh və səmimi düşüncədir. Düzdür, sevginin gücünü inkar etmək olmaz. Bəs onda Martinin öz iradə gücünə nə deməli? Əsər ümumən böyük sənətkarlıqla yazılıb. Əsas da məhəbbətdən sonrakı bozluq, heçlik dövrü. Martinin qüsuru o idi ki, sevginin əbədiliyinə inanırdı. Sevgi yarandı, həyat yarandı. Sevgi bitdi, həyat bitdi. Bu cür insanlar gündəlik həyatımızda da qarşımıza çıxa bilər. Görünür ki, hər birimizin daxilində belə məqamlar olduğu üçün əsər xeyli dərəcədə cəlbedici görünür.
– Martin bütün həyatını, işini, başqa bir sevgi tapacağını unudur və yalnız bir şəxsə fokuslanır. Bu həm o demək deyilmi ki, sevgi insanda müəyyən mənada məhdudluq yaradır.
– Bəli. Sevən adam qüsurları, nifrət edən də müsbətləri görə bilmir. Aşiqlər üçün dünya balaca bir şara dönür, onlar dünyanın fövqündə – buludların üzərində gəzir, xoşbəxt olurlar. Bu sərməstliyə bir də yaradıcılıq ehtirası əlavə olunursa məsələ lap qəlizləşir. Görünür son həddə, Martin düşünür ki, sevgi yoxdursa, yaradıcılıq ehtirası da heç nədir. Sonluq – intihar məsələsinə gəlincə, mən özünəqəsdi bütün hallarda zəiflik kimi qiymətləndirirəm. Fikrət Qocanın şeirində də deyildiyi kimi "intihar fərarilikdi”. Bəli, Martin də bir növ fəraridir, acı reallığın əlindən qaçıb aradan çıxır.
– Sevdiyimiz əsərlər həm də özümüzdən nələrisə tapdıqlarımızdır. Rəşad müəllim, bu mənada, "Martin İden”də özünüzü necə tapmısınız?
– Çox əsərlər olub ki, yazarın peşəkarlığı, təhkiyə məni heyrətləndirib. Məsələn, bu layihə üçün "İdiot” və ya "Gözlənilən bir qətlin tarixçəsi” ətrafında danışmağı da fikirləşirdim. Bir neçə belə əsər var. Amma "Martin İden” xarakterimə ən yaxın romandır. Bununla belə, mən "Martin İden” kimi zəiflik göstərmərəm. Düzdür, həyatım sevgidən xali deyil, amma Martindən fərqli olaraq eşqə əbədilik nöqteyi-nəzərdən yanaşmıram. Amma tam əminəm ki, sevginin verdiyi enerjini heç nəyin əvəz edə bilməməyi barədə fikirlərimiz qəhrəmanla üst-üstə düşür. İkincisi, bir insan nəyi dəlicəsinə arzulayırsa, ona mütləq və mütləq çatır.
– Rəşad müəllim, cəmiyyətdə istər yaradıcılıq, istərsə də sevgi müstəvisində Martin İdenin bənzərləri ilə rastlaşmısınızmı?
– Martin İdenlərlə daha çox sevgi müstəvisində qarşılaşıram. Bir çox intiharlarımızın kökündə də elə Martin İden kimi insanların zəifliyi dayanır. Düzünü desəm, sevgidən belə hallara düşüb, intihar edənlər məndə rəğbət yaratmır. Əksinə bir də, bir də, bir də sınayan, cəhd edən, məğlub olub, yenidən başlayanlar əsl qəhrəmanlardır. Aşiqin gözü açıq olmalıdır. Eşqin gücündən bəhrələnə bilərsən, amma özünü okeanın dibində tapacaq qədər məhəbbətə aludə olmamalısan.