Yazıçı Elçin Hüseynbəyli Azərbaycanı Proza Festivalında təmsil etdi - Kişinyovda

3 Dekabr 2018 17:43 (UTC+04:00)

Noyabrın 29-30-da Moldovanın paytaxtı Kişinyov şəhərində Birinci Beynəlxalq Proza Festivalı keçirilib.

AzNews.az-ın məlumatına görə Azərbaycanı yazıçı Elçin Hüseynbəyli təmsil edib.

Səfər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə gerçəkləşdirilib.

Festivalı Moldova Təhsil və Mədəniyyət Nazirliyi və Moldova Yazıçılar İttifaqı təşkil edib. Tədbirə Avropanın müxtəlif ölkələrindən yazarlar qatılıb.

Moldova, Rusiya, Azərbaycan, Ukrayna, Çexiya, Böyük Britaniya, Fransa yazarlarının qatıldığı tədbirin açılış mərasimi noyabrın 29-da Kişinyov Bələdiyyə Kitabxanasında baş tutub.

Qələm adamları milli ədəbiyyatların keçmişi, indisi və gələcək perspektivlərini müzakirə ediblər.

“Kvadrat” jirnalının ilk sayı da festival iştirakçılarına təqdim olunub. Topluya Elçin Hüseynbəylinin “Qocanın axdığı gün” hekayəsi də daxil edilib. Hekayəni rumın dilinə Moldova yazıçısı və Festivalın direktoru Nikolaye Spetaru çevirib.

Noyabrın 30-da tədbir iştirakçılarının bir qrupu Kişinyov Dövlət Universitetinin filologiya və xarici dillər fakültəsinin qonağı olublar.

Səhərisi günü qonaqlar şəhərin görməli, gəzməli yerlərilə tanış olublar.

Elçin Hüseynbəyli Kişinyovun baxımlı parklarının birində Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan büstü ziyarət edib.

AzNews.az