Prezidentliyinə namizədlər: siyasi xadimlər və koalisiyalar

11 Aprel 2013 18:24 (UTC+04:00)
İranda 11-ci prezident seçkilərində namizədlərin rəsmi qeydiyyatı üçün bir aydan az vaxt qalır.

İranda yeddinci prezidentin seçiləcəyi 11-ci prezident seçkilərinin iyunun 14-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

Hələlik 17 siyasi xadim qarşıdakı prezident seçkilərində iştirak etmək arzusunu bildirir.

Bu 17 namizədin əksəriyyətinin bu və ya digər dərəcədə keçmiş (Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi Rəfsəncani) və ya indiki (Mahmud Əhmədinejad) prezidentlə əlaqəsi var.

Digər namizədlər isə deputatlar, İranın Məsləhət Şurasının üzvləri və keçmiş hərbi komandirlərdir.

Siyahıya iki koalisiyadan olan namizədlər daxildir.

Bunlardan biri Qulaməli Həddad Adil, Məhəmməd Bağır Halibafa və Əli Əkbər Vilayətinin daxil olduğu "Üçlər ittifaqı"dır. İkinci koalisiya olan "Beşlər ittifaqı"na isə Mənuçöhr Möttəki, Mustafa Purməhəmmədi, Məhəmməd Rza Bahünər, Yəhya Əli İshaq və Məhəmməd Həsən Əbuturabi Fərda daxildir.

Yerdə qalan digər 9 müstəqil namizədin isə xeyli ortaq cəhətləri var. Belə ki, onların əksəriyyəti 20 ilə yaxındır ölkənin siyasi və iqtisadi strukturlarında birgə çalışır və xüsusilə, İranın cari problemləri ilə bağlı ümumi baxışları üst-üstə düşür.

Lakin hələlik İranın Keşikçilər Şurası namizədləri rəsmi şəkildə təsdiqləməyib.

Hazırda qarşıdakı prezident seçkilərində iştirak etmək istəyən namizədlərin siyahısı aşağıdakı kimidir:

Qulaməli Həddad Adil - parlamentin keçmiş spikeri

Əli Əkbər Vilayəti - Ali liderin beynəlxalq məsələlər üzrə müşaviri

Məhəmməd Bağır Halibafa - İran polisinin keçmiş komandanı və
Tehranın hazırkı meri

Əlirza Zəkani - deputat

Mənuçöhr Möttəki - keçmiş xarici işlər naziri (Əhmədinejad hökumətində)

Məhəmməd Rza Bahünər - parlamentin vitse-spikeri

Yəhya Əli İshaq - İran Ticarət Palatasının rəhbəri

Möhsün Rzayi - İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri,
İranın Məsləhət Şurasının indiki katibi

Fəllahian Əli - keçmiş təhlükəsizlik naziri (Rəfsəncaninin prezidenliyi dövründə)

Məhəmməd Səidikiya - Məhəmməd Xatəmi, Əli Əkbər Rəfsəncani və Mahmud Əhmədinejadın prezidentliyi dövründə Nazirlər Kabinetində təmsilçi

Həsən Ruhani - İranın Məsləhət Şurasının Strateji Araşdırmalar

Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi

Mustafa Purməhəmmədi - Baş Müfəttişlik Təşkilatının rəisi

Məhəmmədrza Arif - keçmiş Prezident Məhəmməd Xatəminin birinci müavini

Məhəmməd Şəriətmədari - sabiq ticarət naziri (Məhəmməd Xatəminin dövründə)

Mustafa Kəvakibian - İran Demokratik Partiyasının baş katibi
Məhəmməd Həsən Əbuturabi Fərda - deputat, İran parlamentinin I vitse-spikeri

Həsən Sübhani - keçmiş deputat

İran KİV-ləri Prezident Dəftərxanasının rəhbəri İsfəndiyar Rəhim Məşaiyə Prezident Mahmud Əhmədinejadın potensial varisi kimi baxır.

Məşai ilə yanaşı, Əhmədinejadın mümkün varisləri siyahısına xarici işlər naziri Əli Əkbər Salehi, Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili, sabiq energetika naziri Pərviz Fəttah, keçmiş səhiyyə naziri Kamran Bağıri Lənkərani və sabiq deputat Həsən Sübhani də daxildir.

İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi qarşıdakı seçkilərdə iştirak edəcəyini hələ ki elan etməyib, lakin tərəfdarları onu seçkilərdə iştirak etməyə çağırırlar.(trend)

AzNews.az