“Fəlakət”in və Murat Bozun meneceri: “Sıxılanda qaçıram...”

4 Dekabr 2018 16:41 (UTC+04:00)

AzNews.az-ın “30 Altı” layihəsinin bu həftəki müsahibi PR menecer Dilarə Zamanovadır.

“Dilarə Zamanova. İxtisasca hüquqşünasam, Türkiyədə təhsil almışam. “İrəli” ictimai birliyində çalışmışam. Əvvəlcə ora adi könüllü kimi gəlmişdim. Sonradan orada radio, media rəhbəri kimi işlədim. Bir müddət işsiz qaldım. Axtarışdaydım ki, bir iş tapım. Hətta əlimdə CV bankları gəzirdim. Daha sonra jurnalist kimi işləməyə başladım. Hazırda isə PR sahəsi ilə məşğulam”.

- Jurnalistika ilə məşğul olduğunuzu dediniz. Necə oldu ki, hüquqdan jurnalistikaya keçid etdiniz?

- Təxminən, bir ay saytların birində təcrübə keçmişdim. Jurnalist olmaq istəyirdim, həvəsim var idi. Amma ilk vaxtlar çox bərbad yazırdım. Bir rəfiqəm var, Rəqsanə. O, bilirdi ki, iş axtarıram və mənə günə on xəbər yazdığını dedi. Mən şokdaydım. Dedim nə danışırsan, günə on xəbər hazırlamaq olar? Həmin vaxtlar ailədə vəziyyət də ürəkaçan deyildi. Ona görə də işləmək qərarına gəldim.

- Hansı sahədə yazırdınız?

- 4 ay şou-biznes müxbiri kimi işlədim. Çox maraqlı idi mənim üçün. Çünki tədbirlərdə iştirak etməyi sevirdim.Amma yenə yazımda problemlər vardı. Məktəbi, universiteti türk dilində bitirdiyim üçün çətinliklər yaranırdı. 4 ay sonra isə “Teleqraf” holdinqdə işləməyə başladım. Onu deyə bilərəm ki, artıq burada yazı problemlərimi aradan qaldırmağı bacardım. İlyarım orada işlədim. Daha sonra başqa saytda bir müddət çalışdım və belə qərara gəldim ki, jurnalistikadan getməliyəm. Bir il yenidən işsiz qaldım, sadəcə, dincəldim, ciddi şəkildə çəki atdım. Əsas odur ki, beynim dincəldi.

- Bəs PR bacarıqlarınız necə yarandı?

- Bir dəfə tanışımla gözəllik salonuna getmişdim. Düzü, özəl gün olmadıqca makiyaj etməyi sevmirəm. Burada mənə dedilər ki, gəl səni də model kimi makiyaj edək. Sonra mənə həmin salonun reklam işləri, piarı ilə məşğul olmağı təklif etdilər. Elə buradan başladım. Daha sonra kitab mağazasının PR işləri ilə məşğul oldum. Aparıcı Cavid Gülün yanında bu sahədə işə başladım. Düzü, sıxılanda qaçan biriyəm. Hansı işdə özümü görmürəmsə, qaçıram. Müxtəlif restoranlarla işbirliyi qurdum, layihələrlə işlədim. PR sahəsində işləmək üçün əlaqələrin olması çox vacibdir. Mənim jurnalist kimi işlədiyim müddətdə yaxşı əlaqələrim oldu. Ona görə də bir il ərzində bu sahədə xeyli irəlilədim.

Hazırda “Fəlakət” filminin, Murat Bozun 21 dekabr keçiriləcək konsertinin PR meneceriyəm.

- Deyirsiniz özünüzə vaxt ayırmağı sevmirsiniz?

- Heç sevmirəm. Düşünürəm ki, makiyaja ayırdığım bir saat zamanı işlərimə sərf etsəm, daha uğurlu olar. Sadəcə, özəl günlərdə bəzənirəm. Nə yalan deyim, həm iş görüb, həm də özünə vaxt ayıra bilən insanlara heyranam. Amma mən işimlə bağlı o qədər yoruluram ki, təqdimatlar hazırlamaq, zənglər, roman yazdığım üçün ayırdığım vaxt... Çox yoruluram. Düşünün, evimizdə, mətbəxdə stəkanların harada olduğunu bilmirəm.

- Ədəbiyyata da marağınız var, belə görünür?

- Bəli, ilk dəfə 20 yaşımda esselərdən ibarət kitab yazdım. Amma bunu satışa çıxarmadım. Çünki məni qane etmirdi. Hazırda bir roman üzərində işləyirəm. Ümumiyyətlə, ədəbiyyata marağım böyükdü. Orhan Pamuk, Elçin Əfəndiyev dönə-dönə oxuduğum yazarlardandır.

- Murat Boz konsertinin təşkilatçılıq işlərini apardığınızı dediniz. Belə məşhurlarla işləməkdə çətinliyiniz yaranmır ki?

- 5 ildən sonra, 21 dekabrda Murat Bozun Bakı konserti olacaq. Sağ olsunlar ki, bu layihədə məni gördülər. Hər şey qaydasındadı, çox az sayda satılmayan biletlər qalıb. Həyəcanla gözləyirik.

Səidə Nurməmmədli
AzNews.az