“Heç vaxt özlərində baş verən pis hadisələri üzə çıxarmırlar” - İlqar Vəlizadə

4 Dekabr 2018 17:53 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında politoloq İlqar Vəlizadə dedi. O, beynəlxalq təşkilatların bəzi məsələlərə birtərəfli, yaxud ikili standartlardan yanaşmasını şərh etdi.

Bilirsiniz ki, Fransada noyabrın 17-dən başlayaraq hökumətin avtomobil yanacağının qiymətinin artırılması qərarına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Bu etirazlar zamanı vətəndaşlarla polis arasında iğtişaşlar baş verdi. Xəsarət alanların sayı, 23-ü polis əməkdaşı olmaqla 130 nəfəri keçdi. Həmçinin, etiraz aksiyaları zamanı 410-dan çox adam saxlanıldı, onlardan 378 nəfəri nəzarət altına götürüldü.

Lakin Fransada etiraz aksiyalarının başlanmasından xeyli vaxt keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların heç bir reaksiyası olmadı. Halbuki, bu təşkilatlar Azərbaycanda və yaxud Türkiyədə baş verən hər hansı bir hadisə zamanı polisin qanuni müdaxiləsini dərhal insan haqlarının, demokratiyanın pozulması kimi qələmə verirlər.

Politoloq İlqar Vəlizadə məsələ ətrafında bir neçə misal çəkdi:

“Uzağa getməyək, neçə illərdir ki, Avropa ölkələrinin parlamentləri qondarma erməni soyqırımı ilə bağlı müxtəlif bəyanatlar verir, qanunlar qəbul edirlər. Bunu araşdırmadan, kökünə getmədən Türkiyəyə qarşı bir təzyiq kimi istifadə edirlər.

Başqa bir misal: ötən il və bu il Myanmarda minlərlə, yüzminlərlə insan öldürülüb. Bu birmənalı olaraq soyqırımıdır, gözlərimiz qarşısında gedən proseslərdir. Bunun video, foto və audio yazıları kimi minlərlə sübutu var. Amma bir neçə müsəlman ölkəsindən başqa bu soyqırımı barədə heç kəs danışmır. Heç bir beynəlxalq təşkilat bu məsələ barədə konkret mövqe sərgiləmir. Bu o deməkdir ki, bunların hamısı sifarişlərdir və bu sifarişlərin kökündə antimüsəlman, antihumanist bir siyasət dayanır.

Bundan başqa, Ukraynaya, Krıma görə, Rusiyaya embarqolar qoyulur, sanksiyalar tətbiq edilir. Eləcə də Gürcüstan və Moldova ilə bağlı da müxtəlif bəyanatlar var. Bəs niyə ərazisinin 20 faizi işğal olunan Azərbaycanla bağlı hər hansı bir bəyanat verilmir, embarqo qoyulmur? Heç BMT-nin qəbul etdiyi və qismən real görünən o dörd qətnamədən belə danışmırlar. Bu qətnamələr barədə ancaq Azərbaycan danışır”.

İ.Vəlizadə hesab edir ki, bu yanaşmaya ikili standartlar demək olmaz, bu, “mən ağayam, güc məndədirsə, qanun da mənəm” prinsipinə əsaslanan güclülərin siyasətidir:

“Bu siyasəti aparan ölkələr məcbur edirlər ki, biz də adekvat siyasət aparaq. Ona görə bizim daha da güclənməyə, hərbi cəhətdən möhkəmlənməyə, eləcə də Türkiyə ilə əlaqələri daha da sıx qurmağa ehtiyacımız var. Biz bilirik ki, düşmənlərimiz təkcə ermənilər deyil, onların arxasında dayananlar daha güclüdür, daha qüdrətlidir. O ki qaldı Fransada baş verən hadisələrə, bunlar çox normal haldır. Çünki Avropada formalaşan beynəlxalq təşkilatlar heç vaxt özlərində baş verən pis hadisələri üzə çıxarmırlar”.

Elgün MƏNSİMOV
AzNews.az