Məhəmməd Əsədovun həyatı bizim üçün örnəkdir

5 Dekabr 2018 16:51 (UTC+04:00)

1941-ci il dekabrın 5-də Azərbaycan Respublikasının dövlət xadimi, sabiq daxili işlər naziri, general-mayor Məhəmməd Nəbi oğlu Əsədov anadan olub. Zəngilan rayonunun Baharlı kəndində dünyaya göz açan Əsədov 1991-ci il noyabrın 20-də Xocavənd rayonu yaxınlığında, Qarakənd səmasında bir sıra dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotun vurulması nəticəsində şəhid olub.

AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Məhəmməd Əsədovu Azərbaycanın müasir tarixində öz layiqli yerini tutan dəyərli vətəndaş adlandırıb.

“Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda ermənilərin torpaqlarımıza olan iddiasının qarşısını almaqda xüsusi yeri olub. Onunla çalışan insanlar Məhəmməd Əsədov haqqında ancaq xoş xatirələrini danışırlar. Heç də təsadüfü deyil ki, 1991-ci ilin noyabr ayında baş vermiş vertolyot qəzasında Azərbaycanın bir çox dəyərli dövlət xadimləri ilə yanaşı Məhəmməd Əsədovun də həyatını itirməsi həmin dövr ermənilərin Qarabağda hücumunu daha da şiddətləndirdi. Ermənilərin törətdikləri vertolyot qəzasında həyatını itirən dəyərli oğullarımızın və eləcə də Azərbaycanın ərazi bütövlüyündə həyatını itirən şəhidlərimizin hər birinin xatirəsi Azərbaycan və azərbaycanlılar üçün əzizdir. Məhəmməd Əsədov bu mənada daima qəlbimizdədir. Onun kimi insanların həyatı, mübarizəsi bizim üçün örnəkdir". Aydın Mirzəzadə belə deyib.

Nigar Adil

AzNews.az