Qızıl medalın astar üzü - avantüra, fırıldaq

6 Dekabr 2018 13:33 (UTC+04:00)

Əksinə olmalıdır. O, savadını, qızıl medala layiq olduğunu yenidən, bir daha, bilməyənlərə də göstərmək üçün yeni-yeni platformalar tapmağa həvəs göstərməlidir.

Məntiq və təcrübə belə deyir. Öz biliyinə güvənən insanlar var öz erudisiyalarını ictimaiyyətə nümayiş etdirməkdən zövq alırlar. Bu, onlar üçün həm əyləncədir, həm də qürur mənbəyidir.

Bəli, savadlı adamlar üçün hər yeni imtahan əyləncə deməkdir, vazkeçilməz zövq məsələsidir.

Elədirsə, orta məktəbi bitirərək qızıl medala layiq görülmüş hansı məzun özünü bu zövqdən məhrum etmək istəyər?

Prinsipcə, savadlı məzunlardan heç biri bunu istəməz. Bunu, imtahandan yan keçməyi yalnız o məzun-abituriyent istəyər ki, əslində savadı yoxdur, o medalı da hansısa yollarla alıb. Heç lafı ağızda gövşəməyə də ehtiyac yoxdur, belə “qızıl medal”ları heç kəsə müftə-müsəlləm və ya xətirə-filana vermirlər, konkret qiyməti var.

Bu, daha çox savadsız abituriyentlərin əl atacağı xilas kəməridir. O gənclər ki, öz ölkələrinin qəbul imtahanlarında maksimum 150-200 bal toplamağa qadirdirlər, bu medal onlara lazımdır.

Bilindiyi kimi, hazırda bir çox imkanlı ailələrin harın və korafəhim züryətləri Azərbaycanda test üsulu ilə qəbul imtahanından lazımi qədər bal toplaya bilmirlər və ataları onları əvvəlcə xaricdə hansısa universitetə böyük pul-para hesabına qəbul etdirir, sonra yenə böyük pullar hesabına öz ölkəmizdəki universitetlərə köçürtdürürlər.

Belə övladlar 4-5 ildən sonra universiteti bitirdikləri zaman bütün tay-tuşlarından daha tez və daha yaxşı iş tapır, vəzifə pillələrində daha sürətlə irəliləyirlər. Onun 650-700 bal toplayaraq universitetə daxil olan tələbə yoldaşı isə uzun müddət işsiz qaldıqdan sonra güc-bəla sıravi bir iş tapır, ya da tapmır. Beləcə, 150 balın 700-dən güclü olduğu faktı ortaya çıxır.

İndi aydın olur ki, bəziləri özlərini dağa-daşa və xeyli xərcə salmaq istəmirlər, problemi bir qızıl medalla, operativcəsinə həll etmək istəyirlər. Bir var, başqa ölkədə tanış tapasan, bir çamadan pul verəsən, uşaq gedib qürbət yerdə 1-2 il vaxt itirə, sonra öz ölkəndə universitet rəhbərliyi ilə anlaşasan, köçürmə məsələsini həll edəsən, bir də var, uşağa 50 minə, 100 minə (əsl məzənnə sonra müəyyənləşəcək) qızıl medal alasan və uşaq barmağını tuşladığı prestijli universitetin prestijli fakültəsinə qəbul oluna.

“Qızıl medal islahatı” ideyasını son məramı, məqsədi budur: başqalarının önündə üstünlük qazanmaq, müsabiqələrdən, rəqabətdən yan keçmək, ən yaxşı ali məktəblərə arxa qapıdan soxulmaq.

Bu isə ədalətsizlikdir. Bir abituriyent gecə-gündüz oxuyacaq, səhər məktəbə, günortadan sonra hazırlıq kursuna gedəcək, gözünün nurunu tökə-tökə elm öyrənəcək, dövlət sifarişi ilə təhsil almaq üçün canına cəfa verib yüksək bal toplayacaq, o biri isə oxumayacaq, “gəz, dolan kafe-restoran, papanın gül balası” devizi ilə hərəkət edəcək, sonda imkanlı valideynin hesabına bir qızıl medal alaraq tələbə olacaq.

Bu, əslində həm də böyük problemdir. Çünki bu halda 5-10 ildən sonra ölkə savadsız və tamahkar həkimlərlə, hüquqşünaslarla (ona görə ki, “qızıl medal”çıların daha çox bu ixtisasları seçəcəyi şübhəsizdir) dolub-daşacaq. Bu da nə deməkdir, hamı yaxşı bilir. Böyük pul-para hesabına diplom almış savadsız həkim insanların canına qəsd edəcək, eyni yolla diplom sahibi olmuş savadsız hüquqşünas isə onların hüququnu tapdayacaq.

Ona görə də “qızıl medal avantürası”na yox demək lazımdır. Bu, yalnız avantüristlərin işinə yarayacaq və heç cür təhsili stimullaşdırmayacaq.

Ümumiyyətlə götürsək, bir şagirdin 8-10 fənnin hamısından əlaçı olması fenomenal hadisədir. Ali məktəblərdə qəbulda 700 bal toplama hadisəsi nadir fakt olduğu halda, bir şəgirdin bütün fənnləri eyni dərəcədə əla qavraması daha çətindir. Deməli, qızıl medalların tam əksəriyyəti onlara güzəştlə veriləcək, sonra daha bir güzəşt qəbulda olacaq, sonra daha biriE

Bir də soruşmaq gərək: son 26 ildə abituriyentlər mövcud sınanmış qayda ilə ali məktəblərə qəbul olunurlarsa və heç kim narazı deyilsə, xalq məmnundursa, bu, vaxtaşırı “islahat”lar nəyə xidmət edir?

Xalid Kazımlı