Feyk xəbərlərə qarşı mübarizə müzakirə olundu

6 Dekabr 2018 15:24 (UTC+04:00)

Albaniya Teleqraf Agentliyi (ATA) tərəfindən təşkil olunan konfransda müxtəlif ölkələrin aparıcı xəbər agentliklərinin, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tədqiqatçılar, tanınmış ekspertlər iştirak ediblər.

Konfransı açan Albaniya Teleqraf Agentliyinin baş direktoru xanım Armela Krasniqi müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrildiyini söyləyib. O deyib ki, yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. Yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik.

Polşa Xəbər Agentliyinin direktoru Voycieç Surmac yanlış məlumatlandırma siyasətinin bütün dünyanı əhatə edən problemə çevrildiyini söyləyib. O, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lərin sıx birləşməsinin, daha çox düzgün informasiya yaymasının vacibliyini vurğulayıb.

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi, Rumıniyanın AGERPRESS agentliyinin sabiq baş direktoru Aleksandru Giboi qeyd edib ki, feyk xəbər insanların həyatına, hətta dövlətlərin fəaliyyətinə təhlükə yaradır. Baş katib diqqətə çatdırıb ki, yanlış məlumatlandırma ilə mübarizədə informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Bu mübarizənin səmərəliliyini artırmaq üçün xəbər agentlikləri daim inkişafda olmalı və yalan məlumatlar yayan resursları qabaqlamağa çalışmalıdır.

Albaniya parlamentinin media məsələləri üzrə komissiyasının sədr müavini xanım Milva Ekonomi diqqətə çatdırıb ki, yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vura bilər. Xəbərlər mütləq analiz edilməli, onların dəqiqliyi araşdırılmalıdır. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir.

Feyk xəbərləri ciddi sosial bəla adlandıran Ukraynanın UKRİNFORM agentliyinin baş direktoru Oleksandr Karçenko bildirib ki, dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli öyrənməkdir. Bu, bizə belə fəaliyyətin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verər.

Həmkarlarının fikirlərini bölüşən Serbiyanın Tanyug agentliyinin baş direktoru xanım Maya Vojinoviç qeyd edib ki, feyk xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır.

Yunanıstanın ANA/MPA agentliyinin baş direktoru Mixalis Psilos isə deyib ki, istənilən informasiyanın dəqiqliyini təkrar-təkrar yoxlamaq jurnalistin borcudur. O, saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-lərinin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Kipr Xəbərlər Agentliyinin direktoru George Penintaeks qeyd edib ki, bu gün sərbəst, idarə olunmayan informasiyanın yayılması sürətlə artmaqdadır. Saxta xəbərlər tez bir zamanda ictimaiyyətə çatdırılır, bəzən həqiqətən də lazımlı, düzgün informasiyanı kölgədə qoyur. Nəticədə insanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Bununla səmərəli mübarizə yolları araşdırılmalıdır.

Anadolu Agentliyinin baş redaktoru Ogün Duru yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunduğunu, bunun ağır nəticələrə gətirib çıxardığını söyləyib. O, əvvəllərdə yalan xəbərlərin yayıldığını, sadəcə, hazırda texnologiyaların dəyişdiyini bildirib. Əlavə edib ki, agentliklərin yaydığı xəbərlər daha dəqiq olmalıdır. Mənbədən uzaqlaşdıqca xəbərin dürüstlük dərəcəsi də azalır.

Makedoniya Xəbər Agentliyinin İdarə Heyətinin üzvü Marian Tanuşevski feyk xəbərlərin bəzi bədxah qüvvələrin əlində alətə çevrilməsinin ciddi təhdidlər yaratdığını söyləyib. Marian Tanuşevski sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə bununla mübarizə aparmağın çətin olduğunu, səylərin birləşdirilməsini tələb etdiyini vurğulayıb.

Konfransda çıxış edən AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən danışıb. Baş redaktor diqqəti bu ilin oktyabrında Azərbaycanın paytaxtında keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunan “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya cəlb edib, həmin tədbirdə feyk xəbərlərlə mübarizə istiqamətində səmərəli müzakirələrin aparıldığını, faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.

Sonra konfransda yanlış məlumatlandırmaya qarşı mübarizə yolları, ənənəvi medianın, xüsusilə informasiya agentliklərinin bu mübarizədə rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı oktyabr ayında AZƏRTAC-ın, bu gün isə ATA agentliyinin ciddi narahatlıq doğuran bu mövzu ilə əlaqədar tədbirlər təşkil etmələrinin təqdirəlayiq olduğu vurğulanıb, belə sessiya və konfransların digər ölkələrdə də keçirilməsinin önəmi qeyd olunub.(AZƏRTAC)

© AzNews.az