Azərbaycan ordusu Ermənistanı ikiyə bölür

6 Dekabr 2018 15:27 (UTC+04:00)

Ermənistanda dekabrın 9-a təyin olunmuş parlament seçkiləri öncəsi gedən müzakirələrdə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı çağırışlar güclənir.

Rusiyanın "Rosbalt" portalı yazır ki, Ermənistanda bu əhval-ruhiyyəni Donald Tramp və Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabaşvili yaradıb.

Məqalədə qeyd edilir ki, Donald Tramp Putinlə görüşdən imtina edib və erməni şərhçiləri bundan sonra Putini “əlində təsaldüfən nüvə silahı olan üçüncü dünya ölkəsinin lideri” adlandırmağa başlayıblar. Həm də xarici işlər naziri olanda Rusiya bazalarını Gürcüstandan çıxarmağa nail olmuş Salome Zurabişvili də prezident seçilib.

“Yəni Ermənistanda heç kimi rus pullarından və silahından imtina etmək fikrində deyil, amma Gümridəki Rusiya hərbi bazasının yerləşməsinin əleyhinə fəal çıxırlar”,- deyə portal vurğulayır.

Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi
Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi

Təbii ki, Rusiya hərbi bazasının çıxarılmasının tərəfdarları əsasən aprel ayında Paşiyanın rəhbərliyi altında narıncı inqilab gerçəkləşdirənlərdir. Keçmiş hakimiyyətin tərəfdarları isə bunu çox qorxulu perspektiv sayırlar və əsas arqumentləri də güclü Azərbaycan ordusudur. Onların fikrincə, son bir neçə ildə orduya 10 milyard dollara yaxın sərmayə yatıran Azərbaycan işğal faktı ilə barışmır və Rusiya hərbi bazasının olması hələ ki, Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olur.

Valdimir Jirinovski və Artaşes Geqamyan
Valdimir Jirinovski və Artaşes Geqamyan

Sarkisyan tərəfdarlarından politoloq Artaşes Geqamyan Rusiyanın "Regnum" portalında yazdığı məqaləsində bildirir ki, 102-ci hərbi baza Ermənistana minlərlə əsgəri və ona uyğun hərbi texnikanı Qarabağa yeritmək imkanı yaradır. Həm də Rusiya amili Qarabağda törədilmiş hibrid müharibənin açıq müharibəyə keçirilməsinə imkan vermir.

Müəllif iddia edir ki, Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Türkiyə, İsrail, ABŞ və Pakistan Azərbaycanın yanında yer alacaq. Əgər 102-ci hərbi baza Ermənistanı tərk etsə, İrəvan yalnız İranın köməyinə ümid bəsləyə biləcək. Yaranmış beynəlxalq durumda Tehranın şirin ağzından yem götürməyə risk edib-etməməsi isə çox müəmmalıdır.(istipress.com)

© AzNews.az