“Bakıya qayıtmaq planım yoxdur” - Müsahibə

6 Dekabr 2018 16:19 (UTC+04:00)

Uzun müddətdir sosial şəbəkələrdən və səs-küylü şəhər həyatından bezib, doğma kəndinə köçən yazar Cəlil Cavanşir yenidən oxucularının diqqət mərkəzinə çevrilib. Aylardır mərkəzdən uzaq yaşayan şair ədəbi proseslərdən kənarda qalmayıb, ötən bu müddət ərzində həm oxuyub, həm yazıb və ən əsası oxucularının qarşısına əlidolu qayıdıb.

Şairin "Miladdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabda müəllifin son illərdə yazdığı şeirlər toplanıb. "İlin əvvəlində bir daha kitab çap etdirməyəcəyimə söz versəm də, bu sözümü tuta bilmədim. Anladım ki, kitabsız, ədəbiyyatsız yaşamaq mənim üçün çox çətindir. Eyni zamanda şeirlərimə tələbat olduğunu müşahidə etdiyim üçün yeni şeirlər kitabı ilə oxucularımı sevindirmək isədim. Hər zaman olduğu kimi, bu dəfə də dostum və naşirim Müşfiq Xan arzumu həyata keçirmək üçün əlindən gələni etdi. Dostum Sevinc Çılğın da kitabın redaktəsini öz üzərinə götürdü və beləliklə kitab hazır oldu. Şeirsevərlər üçün çox maraqlı bir kitab olacağını düşünürəm. Xüsusilə gənclər tərəfindən kitabın maraqla qarşılanacağına əminəm”.

Elə bu vəsilə ilə yazarla əlaqə saxlayıb, yaradıcılığı, rayona köçmə səbəbi, gələcək planları ilə bağlı bir neçə sual ünvanladıq.

- Cəlil bəy, necəsiniz?

- Təşəkkür edirəm, yaxşıyam. Demək olar ki, hər şey qaydasındadır. Yüngülvari sıxıntılar var, o da keçib gedəcək.

- Bir müddət idi sosial şəbəkələrdən uzaqlaşmışdınız? Bu müddət ərzində nə etdiniz?

- Avqust ayından etibarən bütün sosial şəbəkə hesablarımı bağlamışdım. Həm müalicə olunurdum, həm də yaradıcılıqla məşğul idim. Yeni kitablar və layihələr üzərində işləyirdim. Şeirlər kitabım çap olunduğu üçün təkrar sosial şəbəkələrə döndüm. Məqsədim yeni kitabımı tanıtmaq və oxuculara təqdim etməkdir.

- Səhv etmirəmsə, rayona köçmüsünüz? Yenidən Bakıya qayıtmaq fikiriniz varmı?

- Bəli, hazırda rayonda yaşayıram. Bakıya qayıtmaq planım yoxdur. Məncə, yaradıcı insan üçün Azərbaycan sadəcə Bakıdan ibarət deyil. Bölgələrdə kitabın və ədəbiyyatın təbliğatına ciddi ehtiyac var. Məhz bu işlə məşğul olmaq üçün rayonda yaşamaq daha maraqlıdır. Hazırda üzərində işlədiyim əsas layihələrə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsi, bir sıra nəşriyyatlar dəstək verir. Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında yaşayan şair və yazıçıların əsərlərindən ibarət almanaxlar hazırlayırıq. Eyni zamanda ucqar kəndlərdə və sadaladığım rayonlarda "Oxucu klubları” yaradaraq Azərbaycan yazıçılarının və ədəbiyyatımızın təbliğatı ilə məşğuluq. Bakıdan kənardakı ədəbi həyatı durğunluqdan çıxarmaq istəyirik.

- Qaynar şəhər həyatından sonra kənd mühiti sizə necə təsir etdi? Darıxdırıcı deyil ki?

- Mən qaynar şəhər həyatında da darıxan adamam. Amma bu aralar işlərin çoxluğu darıxmağa imkan vermir. Dediyim kimi, çox ciddi layihələrlə və şəxsi yaradıcılığımdakı yeniliklərlə məşğulam.

- "Miladdan sonra” adlı şeirlər kitabınızda daha çox hansı mövzulardan yazmısınız?

- Mənim əbədi mövzum sevgidir. Bu şeirlər kitabım da daha çox sevgi şeirlərindən ibarətdir. Gənclər və özünü hər zaman gənc hesab edənlərin, sevib-sevilənlərin, darıxanların, aldadılanların, tərk edilənlərin təsəllisi olacaq, könlünü oxşayacaq bir kitabdır. Ən önəmlisi ədəbiyyatımız, poeziyamız üçün qiymətli bir kitab olduğuna inanıram.

- Ad seçimi kimə məxsusdur? Niyə məhz "Miladdan sonra”?

- Mən kitablarıma ad seçərkən çox vasvasılıq edirəm və tərəddüdlərim çox olur. Bu dəfə də bir neçə versiya üzərində düşünürdüm. Son qərarı isə kitabın redaktoru Sevinc Çılğın verdi. Onun təklifi ilə kitabın adının "Miladdan sonra” olmasına qərar verdik. Kitabı oxuyanlar nə üçün bu adı seçdiyimizi anlayacaqlar.

- Daha hansı əsərlər üzərində işləyirsiniz?

- Hazırda "Aşiqlər və başqa dəlilər” adlı romanım nəşriyyata təhvil verilib. Vaxt tapdıqca "Eşq və intihar” adlı kitabım üzərində işləyirəm. Akademik Kamal Abdullanın yaradıcılığıyla və xüsusilə "Yarımçıq əlyazma” romanı ilə bağlı araşdırma kitabım redaktə mərhələsindədir. Uşaqlar üçün povest yazıram. Yeni romanımın qeydlərinə başlamışam. Bir sözlə, çox qaynar yaradıcılıq prosesinin içindəyəm.

- Yəqin ki, mütaliə üçün kifayət qədər vaxtınız olub, kimləri və hansı əsərləri oxumusunuz?

- Demək olar ki, hər gün oxuyuram. Con Steynbek, Qolsuorsi, Qoldinq, Pörl Bək, Hakan Günday, Səbahəddin Əli, Sadiq Hidayət, Harold Pinter, Kolson Uaythed, Fridrix Ani və başqa yazıçıların kitablarını bir neçə ay ərzində oxumuşam. Məsələn, Hakan Gündayın 4, Səbahəddin Əlinin və Steynbekin hərəsinin 3 romanını oxudum. Pörl Bəkin "Ana”, Kolson Uaythedin "Yeraltı dəmiryolu”, Hakan Gündayın "Kinyas və Kayra” və "Azil” romanları, Sadiq Hidayətin hekayələrini hədsiz bəyəndim və zövq aldım. Harold Pinter və Qolsuorsini tanışlıq üçün oxudum. Mümkün qədər sistemli mütaliə etməyə çalışsam da, bəzən əlimə nə keçsə oxuyuram. Hazırda Cozef Frankın "Dostoyevski – çağının bir yazarı” adlı 5 cildlik bioqrafik kitabını oxuyuram. Kənddə yaşamağımın ən gözəl tərəfi mütaliə üçün vaxt bolluğunun olmasıdır.

- Bundan sonrakı planlarınız nədir?

- Mən plan qurub yaşamıram. Başladığım işləri mümkün qədər sürətlə tamamlamaq arzusu var, amma heç nəyə tələsmirəm və xüsusi plan əsasında fəaliyyət göstərmirəm. Gələcək planlarıma yazmaq, oxumaq və yaşamaq daxildir.(sherg.az)

© AzNews.az