Azərbaycanlı rejissorların filminin İsraildə təqdimatı oldu – FOTO

6 Dekabr 2018 16:50 (UTC+04:00)

İsraildə keçirilən “Near Nazareth İnternational” Film Festivalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub.

AzNews.az xəbər verir ki, mərasimdə film festivalının direktoru Liliya Berman, İsrail-Azərbaycan Beynəlxalq Azİz Assosiasiyasının rəhbərliyi, həmçinin digər rəsmi şəxslər iştirak edib.

“Picmus Production” (Azərbaycan) və “İsrail-Azərbaycan Assosiasiyası”nın (İsrail) birgə istehsalı olan filmin çəkilişləri bir sıra ölkələrdə - İsraildə, ABŞ-da, Almaniyada və Azərbaycanda aparılıb.

Sözügedən film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin həyatından bəhs edir.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan filmin nümayişindən sonra son dərəcə həssaslıqla lentə alınmış ekran işinin rejissorları və yaradıcı heyəti müvafiq mükafatlarla təltif ediliblər.

Rüfət Əsədov film haqqında Teleqraf.com-a açıqlamasında qeyd edib ki, 84 dəqiqəlik tammetrajlı sənədli filminin lentə alınmasında məqsəd Azərbaycanda tolerant mühitin mövcudluğunu, eyni zamanda dini konfessiyaların bərabər, sülh şəraitində yaşadıqlarını dünyaya nümunə olaraq nümayiş etdirməkdən ibarət idi: “Vətəndən kənarda yaşayan Azərbaycanın dağ yəhudiləri barədə çəkilmiş ekran işi çox həssaslıqla yanaşdığımız bir layihədir. Filmdə fikirləri səsləndirilən dağ yəhudiləri Azərbaycanı anti-semitizmin olmadığı bir ölkə kimi göstərərək, burada yəhudilərin milli kimliyinə görə heç bir problemlə üzləşmədiklərini bildiriblər. Bir sözlə, filmin bütün qəhrəmanları dünyaya göz açdıqları doğma Azərbaycana olan məhəbbətlərini ifadə ediblər”.

Rejissor Azərbaycanda, eləcə də İsraildə bu layihəyə dəstək verənlərə minnətdarlığını da dilə gətirib: “Bu layihəyə Vüsal Nazimoğlu ilə birgə başladıq. Öz adımdan və Vüsal Nazimoğlunun adından bu layihədə əziyyəti olan, filmin çəkilməsinə dəstək verən dostlara təşəkkürümü bildirirəm”.

AzNews.az