Qafqazda yeni dəyişimlər

6 Dekabr 2018 17:53 (UTC+04:00)

1200 kilometr uzunluğunda olan Qafqaz sıra dağlarının ətəklərində Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı Dağıstan, Çeçenistan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya və Adıgey respublikalarında dövlətləşmə anlayışının formalaşması müşahidə olunur.

C:\Users\User\Documents\xulase cari\cap\metanet.jpg

(“Bir qalanın sirri” filmində baş rolun ifaçısı kabardalı Tamara Kokova)

Bu prosesi ləngitmək üçün Rusiya Ermənistan və Azərbaycan, Gürcüstan və Abxaziya, Gürcüstan və Cənubi Osetiya, Dağıstan və Çeçenistan, Şimali Osetiya və İnquşetiya, kabardalılar və balkarlar, qaraçaylılar və çərkəzlər arasında dərin ixtilaflar yaradıb. Çünki Kremlə bağlı strateji tədqiqat mərkəzlərin etiraf etdiyi kimi, Rusiya nəinki Cənubi Qafqazı, eyni zamanda Şimali Qafqaz regionlarını da itirmək məcburiyyətindədir. Qafqazın əhəmiyyəti burada islam və xristianlığın, həm də super etnos kimi türklər və qeyri türklərin yaşadıqları bir regiondur. Tarix boyu Qafqazda yaşayan xalqlar arasında heç bir müharibə, qırğınlar olmayıb. 1828-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra xüsusilə ermənilərlə ortaq işbirliyi sayəsində daim münaqişəli ərazilər, müxtəlif etnoslar arasında ixtilafların gur olduğu bir regiona çevrilib. Keçmiş SSRİ dağıldıqdan sonra paniranizm, vəhhabizm, panxristianizm kimi süni qarşıdurmaların, regionda yaşayan müxtəlif xalqlar arasında ciddi fikir ayrılıqlarının yaradılması ilə müşahidə olunur. Belə ki, 1918-ci ildə olduğu kimi Rusiyanın çökməsi sayəsində “Qafqaz Evi”, “Qafqaz Xalqları Federasiyası”, “Qafqaz Konfederasiyası” və digər ortaq uzlaşma modelləri gündəmə gətirilmişdi. Bu yöndə hətta Tiflis, Bakı, Nalçik, Maxhaçqala, Qroznı kimi iri şəhərlərdə qurultaylar da keçirildi. Bu təşəbbüslər çox təəssüf ki, o zaman Qafqazda baş verən hakimiyyət boşluqlarına görə öz təsdiqini tapmadı. Bütün bunlarla yanaşı İran Cənubi Qafqazdakı nəqliyyat dəhlizlərini nəzarətə almaq və ya buna nail olmadıqda isə kommunikasiya vasitələrinin geniş fəaliyyətini məhdudlaşdırmaq üçün həm Azərbaycanda, həm də Ermənistanda geniş miqyaslı tədbirləri həyata keçirdi. Çünki yeni yaranmaqda olan Cənubi Qafqaz dövlətləri sərhəddi olan Türkiyənin nüfuzunun artmasına, NATO-nun buraya yaxınlaşmasına qarşı İran və Rusiyanın sərgilədiyi siyasətin hesabına prosesləri ləngitməklə vaxt qazandılar. Bütün bu ağrılı proseslərə görə Qafqazda xalqlararası ixtilaflar daha da dərinləşdirildi, həm də bu problemi dondurmağa nail ola bildilər. Halbuki Cənubi Qafqaz və Orta Asiya regionları ilə ortaq fəaliyyətlərə üstünlük verən Qərb dondurulmuş ixtilaf siyasətinə elə bu gün də qarşı olduğunu nümayiş etdirir.

Hazırda Cənubi Qafqazda milli təhlükəsizlik təhdid olunmaqla yanaşı həm də bunun dərin böhran həddinə çatdırılması üçün İran, Rusiya və Ermənistan birlikdə aktivləşiblər. Çünki, Qafqaza və Orta Asiyaya məxsus mövcud enerji mənbələrinin dünya bazarı üçün keyfiyyətli karbohidratların, digər enerji resurslarının Qərbə çıxış nöqtəsi kimi yeni layihələrin rəsmiləşməsində bu üç dövlət onun qarşısını almaq üçün cəhdlər edirlər. Son iki ayda İranın Ermənistanla 2 milyard dollar həcmində investisiya müqavilələrini imzlaması, keçmiş siyasi ənənəyə yeni don geyindirilməsidir. Bütün bunlardan fərqli olaraq Avropa Birliyi gürcü-osetin, gürcü-abxaz münasibətlərinin normallaşması üçün “Cenevrə Sülh Masası” arxasında razılaşmalara nail olmaq istəyir.

Şimali Qafqaz dünya siyasətinin strateji hədəfindədir

ABŞ Dövlət Departamentinin maliyyə yardımı ilə fəaliyyət göstərən “Azadlıq” radiosunda 2003-cü ildən etibarən avar, çeçen və çərkəz dillərində gündəlik xüsusi verilişlər yayımlanır. Bütün Şimali Qafqaz regionları üzrə müxbir postları da yaradılıb. NATO-nun sabiq baş katibi Jorj Rabertson və Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskinin nəzarətində olan “Amerika Qafqaz Komitəsi”, Danimarkada Qafqazəsilli diaspor təşkilatları tərəfindən yaradılmış “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatı, ABŞ-da fəaliyyət göstərən Orta Asiya və Qafqaz Araşdırmalar İnstitutu, Varşavadakı “Polşa Qafqaz Evi” və digər onlarca fəaliyyət göstərən qurumların əsas strategiyası Şimali Qafqaza doğru yönəldilib. 19-cü yüzillikdə Rusiya tərəfindən aparılan “Qafqaz Savaşı”nın nəticəsində yüz minlərlə qafqazlı soyqırımdan qurtulmaq üçün mühacirət etməyə məcbur olublar. İndi İordaniya, Suriya, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ, Almaniya, Danimarka, Fransa, Belçika, Kanada və digər dövlətlərdə çərkəzəsilli 2 milyon nəfərə yaxın vətəndaşlar yaşayırlar. Rusiyanın dövlət qanunlarına əsasən mühacirətdə yaşayan hər bir vətəndaş öz tarixi vətənində yaşamaq hüququna malikdir. Uzun müddətdir ki, bu qanun ancaq, rus, yəhudi, erməni, yunan xalqlarına şamil edilir. Buna görə də “Dünya Çərkəzləri Konqresi”, “Dünya Çərkəz Qardaşlığı Birliyi”, “Adıge Xase” kimi təşkilatlar çərkəzəsilli xalqların (abaza, kabarda, çərkəz, abxaz, şapsuq, adıgey, ubıx) tarixi torpaqlarına dönmək imkanlarının Rusiya tərəfindən məhdudlaşdırlımasına etiraz edirlər. Bu qurumlar BMT, Avropa Şurası, Avropa İttifaqı, Haaqa Hərbi Tribunalı qarşısında “19-cu yüzillikdə Rusiyanın Şimali Qafqazda apardığı savaşda 3 milyon nəfər çərkəzəsilli insanların vəhşicəsinə qətliam olunmaları” iddiasını gündəmə gətiriblər. Hətta bu faktları sübut kimi Rusiyaya məxsus arxiv sənədlərinin surətlərini beynəlxalq təşkilatlara təqdim ediblər.

Hazırda “çərkəz soyqırımı”nı rəsmiləşdirmək üçün dünyanın hər yerində imzalar toplanır. Bu gün Rusiya Şimali Qafqazda ötən əsrdə SSRİ-nin nəzarətindəki Şərqi Avropa sosialist ölkələrindəki durumla üz-üzə durub. Belə ki, 1960-1990-cı illərdə Polşa, Macarıstan, Çexoslovakiya, Rumıniya və Şərqi Almaniyada sovet əsgərinin küçədə görünməsi onun qətlə yetirilməsi ilə nəticələnən bir hadisəyə çevrilirdi. Hazırda Şimali Qafqaz regionlarında məhz belə bir durum yaşanılır. Çünki Rusiya qeyri rus xalqların milli, siyasi, ictimai, sosial və dini hüquqlarını hər addımda tapdalayır. Şimali Qafqaz regionlarında milli dillərdə televiziya və radio verilişlərinin yayımı qapadılıb. Milli dillərdə nəşr edilən qəzet və jurnalların, kitabların dövlət büdcəsindən maliyyələşdirilməsi yasaq edilib. Milli dillərdə orta və ali məktəblərdə tədris ləğv olunub. Bütün bunlara görə yerli xalqlarda dövlətə inam və bağlılıq hissləri hər il azalıbdır. Rusiya çox gözəl anlayır ki, Şimali Qafqaz regionlarını itirmək təhlükəsi qarşısındadır. Buna görə də regionda yaşayan milyonlarla insanları ictimai və siyasi xof vəziyyətində saxlamağa yönlədilmiş bir rejimi tətbiq edib. Milli və dini azadlıqları uğrunda mübarizə aparan insanları təqib etməklə yanaşı onları həm də terrora məruz qoyurlar. Qərb dairələri isə insan hüquqlarının fəal müdafiəsini qurmaqla bu icmalar arasında dəstək qazanır. Son bir ildə Polşa, Danimarka, Fransa, ABŞ, Belçika, İngiltərədə Şimali Qafqaz regionlarında insan hüquqlarının durumu mövzusunda onlarca beynəlxalq toplantılar keçirilib.

C:\Users\User\Documents\xulase cari\geop-.jpg

Qafqazın strateji dəyərini Qərbdə yaxşı bilirlər

Qafqaz regionu dünya siyasətinin Avrasiya məkanı kimi cəlbedici strateji xarakter və məzmuna malikdir. Çünki bu layihəyə Azərbaycan, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstan da daxildirlər. Bu strateji region hərbi, siyasi, iqtisadi layihələrin reallaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki regionda geostrateji maraqlar həm də geoiqtisadi təsisatlarla uzlaşıb. Bütün bunları dəyərləndirən Azərbaycan və Gürcüstanın iqtidarları Qərblə uzlaşan maraqlarda onlara işğal olunmuş ərazilərin dərhal azad edilməsi kimi problemlərin həll olunmasında yardımçı olmalarını dilə gətiriblər. Azərbaycan və Gürcüstan Qərbin dəstəyilə dövlətin təhlükəsizliyi üçün Avro-Atlantik proyektlərin çərçivəsində həll olunması yönündə addımlar atırlar. Azərbaycan və Gürcüstanın dövlət maraqlarını təmin edən addımlar artıq Qərb tərəfindən də atılır. Belə ki, Qərb politoloqları açıq şəkildə Gürcüstan və Azərbaycan topraqlarında separatçı regionları “terrorizmə dəstək verən ərazilər”kimi tanınmasını gündəmə gətiriblər. Təbii olaraq yaxın gələcəkdə bu faktoru gücləndirməklə Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsini beynəlxalq birliyin dəstəyilə təmin etmək imkanlarını qazana bilər.

Bu əsnada Rusiya və İrana məxsus strateji tədqiqat mərkəzləri bir sıra layihələri gündəmə gətiriblər. Son günlər Gürcüstanın federallaşması üçün ermənilərin Rusiyanın dəstəyilə fəallaşması bunun əyani sübutudur. Ermənistanın bu gün qarşılaşdığı dərin problemlərin nəticəsində bir dövlət kimi mövcud olma imkanları da artıq sıfıra bərabərdir. Buna görə də ermənilər Ermənistandakı bütün infrastrukturları İran və Rusiya şirkətlərinin mülkiyyətinə verməyə məcbur olublar. Bir zamanlar 80 min nəfər sakini olan Cənubi Osetiyada rus işğalından sonra 25 min nəfər əhali qalıb. 700 min nəfərlik Abxaziyada indi 150 min nəfər insan yaşayır. Bir sözlə Rusiya və İranın harada siyasi iradəsi əsas varsa, orada böhranlar mövcuddur.

Ə. Yusifoğlu