Tailand parlamenti iclas keçirməyə yer tapmır

6 Dekabr 2018 17:56 (UTC+04:00)

Tailandın Milli Qanunverici Assambleyası (parlament) Yeni il bayramı ərəfəsində Banqkokun tarixi mərkəzində yerləşən parlament binaları kompleksini tərk etməlidir.

“Khao Sot” qəzetinin yaydığı məlumata görə, icarə müddəti bitdiyi üçün 1974-cü ildən parlamentin ixtiyarında olan kompleksin yerləşdiyi ərazi Kral mülkiyyəti bürosuna geri qaytarılır. Tailandın ali qanunvericilik orqanı üçün yeni bina isə hələ istifadəyə verilməyib.

2014-cü ildə baş verən hərbi çevrilişdən sonra fəaliyyət göstərən Milli Qanunverici Assambleya - seçilməyən müvəqqəti parlament sessiya keçirmək üçün yanvar ayından başqa bina icarəyə götürməlidir. Parlament üçün yeni kompleksin tikintisi isə yalnız 2019-cu ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Tailandda 2011-ci ildən bəri ilk ümumi parlament seçkiləri 2019-cu ilin fevralında keçiriləcək.(AZƏRTAC)

© AzNews.az